Ceyhun Bayramov: “Azərbaycan-Ermənistan arasında sülh üçün yeni perspektiv açılıb”

Ceyhun Bayramov: “Azərbaycan-Ermənistan arasında sülh üçün yeni perspektiv açılıb”

Hazırda oxunan: Ceyhun Bayramov: “Azərbaycan-Ermənistan arasında sülh üçün yeni perspektiv açılıb”

161181

23 oktyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə iştirak və çıxış edib. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, nazir çıxışında qeyd olunan formatın regional problemlərə region ölkələri tərəfindən həll yollarını nəzərdən keçirmək məqsədilə yaradıldığını qeyd edib. 

Platformanın mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlamaq, regionda təhlükəsizliyi və sabitliyi gücləndirmək, iqtisadi artım və tərəqqi naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli potensiala malik olduğunu bildirib. 
Region ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı kimi suverenliyə, ərazi bütövlüyünə və bir-birilərinin sərhədlərinin toxunulmazlığına hörmətin, daxili işlərə qarışmamağın vacibliyini vurğulayıb. 

Nazir çıxışında Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub dəhlizinin və Azərbaycan-İran-Türkiyə üçtərəfli formatının yalnız bir dövlətin xeyrinə deyil, hər kəsin ortaq mənfəəti olduğunu əyani şəkildə nümayiş etdirdiyini, bu layihələrin və formatların müsbət təsirinin region ölkələri ilə məhdudlaşmadığını və daha geniş coğrafiyada tərəfdaşlarımızı əhatə etdiyini diqqətə çatdırıb. 

Regional bağlantıların təşviqinin yalnız tranzit və nəqliyyat sahələrində deyil, enerji təhlükəsizliyi və energetika kimi sahələrdə istifadə olunmamış geniş potensialdan faydalanmaq üçün də vacib olduğunu diqqətə çatdırıb. 

Region ölkələri arasında bağlantıların iqtisadi faydaları ilə yanaşı, müsbət qarşılıqlı asılılığa təkan vermək və beləliklə, sülh və sabitliyə töhfə vermək baxımından da eyni dərəcədə əhəmiyyətli olduğunu qeyd edib. 

Nazir çıxışında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran İslam Respublikasının ərazisindən keçməklə nəqliyyat əlaqələrinin yaradılması istiqamətində son inkişafların xüsusi əhəmiyyət kəsb etdiyini, infrastruktur layihələrinin tezliklə yekunlaşdırılması və bu marşrutun istismara verilməsinin regionumuzda bu iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcəyini, həmçinin Avrasiyada nəqliyyat və tranzit potensialının artırılması üçün yeni bağlantı arteriyasını yaradacağını vurğulayıb. 

Nazir çıxışında Azərbaycan ərazilərinin işğalına son qoyulması və suverenliyimizin tam bərpasının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün yeni perspektiv açdığını diqqətə çatdırıb.

Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında normallaşmasının təkcə bu ölkələrin xeyrinə olmayacağını, həm də əməkdaşlıq və tərəqqi üçün istifadə edilməmiş potensialdan faydalanmağa imkan yaradacağını bildirib. 
Nazir çıxışında Azərbaycanın Ermənistanla bir-birinin legitim maraqlarına qarşılıqlı hörmət əsasında ədalətli və bərabərhüquqlu sülh təklifini bir daha diqqətə çatdırıb və sülh müqaviləsi çərçivəsində məsələlərin tezliklə yekunlaşması məqsədilə Ermənistan tərəfindən qarşılıqlı addımlar və konstruktiv yanaşma gözlədiyimizi, tam regional normallaşma üçün bu unikal şansın bir daha əldən verilməyəcəyinə ümidvar olduğumuzu diqqətə çatdırıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO