44 günlük müharibədən və 1 günlük lokal antiterror tədbirlərindən sonra Azərbaycan dövləti və Azərbaycan xalqı tarix yazdı. Burda söhbət təkcə Azərbaycanın ərazi bütövlüyünün və suveren hüquqların bərpasından getmir. Söhbət ondan gedir ki, son 276 il ərzində Azərbaycan daim torpaq itirib, müharibələrdə uduzurdu.
Sonuncu dəfə 1747-ci ildən Nadir şah torpaqlarımıza torpaq qatıb. Bundan başqa son 100 ildə heç bir müsəlman və yaxud türk dövləti hansısa xristian dövləti ilə müharibədən qalib çıxmayıb.
MÖVZU İLƏ BAĞLI:
“Avropa Parlamenti ölkəmizə qarşı səlib yürüşü aparır” – DEPUTAT
Bunu son 100 ildə ilk dəfə bacaran Azərbaycan xalqı və onun Müzəffər Ali Baş Komandanı olub.
Avropa narahatlıq içindədir
Azərbaycanın tarixi zəfərləri Qərbi, daha doğrusu xristian dünyasını rahat buraxa bilməz. Təsadüfi deyil ki, sentyabrın 20-dən sonra Avropa İttifaqının Azərbaycana basqıları kəskin artıb.
Son bir ayda təkcə Aİ yox, həm də Avropa Parlamenti, İspaniya Senatı, Fransa Milli Assambleyası, Avstriya parlamenti anti-Azərbaycan xarakterli bəyanatlar qəbul ediblər. Yəqin ki, digər ölkələrin parlamentariləri də yaxın günlərdə Azərbaycana dil uzadacaq.
Bunlar ilk növbədə xristian həmrəyliyindən qaynaqlanır. Təsadüfi deyil ki, Aİ-ni “Xristian evi” adlandırırlar. Bu xristian birliyi hansısa müsəlman, xüsusən də türk dövlətinin zəfərini heç zaman asanlıqla qəbul edə bilməz. Çünki tarix boyu türklərin yumruğu xristianların başından əksik olmayıb. Yalnız XX əsrdən sonra xristian dünyası güclənib və vəziyyət dəyişib.
Osmanlı və Qacarların süqutundan sonra Avrasiya və Afrikaya nəzarət tamamilə xristianların nəzarətinə keçib. Ona görə də Avropa dövlətlərinin anti-Azərbaycan çıxışlarının kökündə xristian həmrəyliyi və islamofobiya dayanır.
Avropa parlamentariləri ermənilərin pul kisəsindən asılıdır
Maraqlı digər məqamsa dövlətlərin yox parlamentlərin erməniləri müdafiə etməsidir. Bütün Avropa dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Fransa istisna olmaqla heç bir dövlət başçısı Azərbaycan əleyhinə fikirlər səsləndirmir. Amma Avropa və ayrı-ayrı dövlətlərin parlamentləri açıq şəkildə ermənipərəst mövqedən çıxış edirlər. Burda isə səbəb xristian həmrəyliyindən daha çox korporativ maraqlardır.
Təsadüfi deyil ki, Avropada lobbiçilik qanunla qadağan edilməyib. Ona görə də istənilən deputat istədiyi ölkənin vəkilliyini edə bilər.
Azərbaycanın da belə muzdlu vəkillərə ehtiyacı olmadığı üçün əksər dövlətlərin parlamentariləri təbii ki, əks cəbhədə yer alıb. O da məlumdur ki, Avropada erməni diasporu kifayət qədər fəaldır.
Ermənilər bəzi ölkələrdə hətta seçkilər prosesinə təsir imkanlarına malikdir. Ona görə də Avropadakı bir çox deputatlar ermənilərin pul kisəsindən asılıdır. Bir faktı da diqqətə çatdıraq ki, Avropa İttifaqında əsas lobbiçi Fransanın “Coop de France” şirkətidir. Həmin şirkətin səhmlərinin 90 faizi isə Fransadakı erməni milyarderlərinin əlindədir. Bundan başqa Avropa Parlamentində “Ermənistanla dostluq qrupu” fəaliyyət göstərir. Bu qrupun üzvləri təkcə AP-da deyil, həm də öz ölkələrinin parlamentində ermənilərə vəkillik edirlər.
Ümumiyyətlə, erməni milyarderlər maaşla dolanan istənilən Avropalı parlamentini asanlıqla ələ ala bilirlər. Bəzi hallarda parlamentarilərin xüsusi məqsədli çıxışları və hərəkətləri həmin dövlətin də işinə yarayır. Necə deyərlər: “ilanı Seyid Əhmədin əli ilə tuturlar”. Dar macalda isə həmin dövlətin rəsmiləri çıxıb deyir ki, bu bizim dövlətin yox, hansısa partiya funksionerinin mövqeyidir.
Avropa parlamentində korrupsiya məsələri yenilik deyil
Tez-tez hansısa deputatın korrupsiya faktına görə ifşa olunduğunu, saxlanıldığını eşidirik. Məsələn, 2022-ci ilin aprelində Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın etdilər. Xeyli sayda deputat korrupsiya faktına görə saxlanıldı.
Nəzərə alaq ki, Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiyadır. Avropa Xalq Partiyasının üzvləri Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İsveçin Baş naziri Ulf Kristersson kimi tanınmış siyasətçilərdir.
Xatırladaq ki, daha əvvəllər də Avropa Parlamentinin bir çox üzvü, davranış kodeksinin əksinə olaraq, böyük miqdarda ödənilən pullar hesabına iri şirkətlərin maraqlarına uyğun qanunların qəbul olunması üçün lobbiçilik fəaliyyəti ilə məşğul olub.
Avropa Parlamentinin bir sıra deputatları hələ 2011-ci ilin martında etiraf ediblər ki, böyük qonorarlar hesabına maliyyə sektoru üçün bank idarəçiliyi haqda qanunun qəbul edilməsinə kömək ediblər. Bundan sonra tezliklə deputatların yeni davranış kodeksi qəbul olunub və bura lobbistlər üçün şəffaflıq reyestri də daxil edilib. Lakin bu kodeks yalnız kağız üzərində qalıb.
Bunlar Avropa Parıamentində sadəcə çoxsaylı korrupsiya faktlarından bəziləridir. Uzun müddətdir ki, Avropa Parlamentinin bir sıra üzvləri erməni diasporunun korrupsiyasından istifadə edərək Azərbaycana qarşı qərəzli mövqe formalaşdırır.
Amma ermənilərin və onların avropalı vəkillərinin hay-küyü yersizdir, faydasızdır. Əvvəla ona görə ki, Azərbaycan danışmır, konkret iş görür.
Qarşıya qoyulan hədəflərə Azərbaycan addım-addım yaxınlaşır. Digər tərəfdən, Azərbaycanın Avropaya yox, Avropanın Azərbaycana ehtiyacı var. Qışın qapını döydüyü bir vaxtda heç bir Avropa ölkəsi qapısını Azərbaycanın üzünə bağlaya bilməz. Bu Avropa üçün sadəcə intihar ola bilər.
Surxay Atakişiyev, Bizim.Media