Bu gün İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin iştirakı ilə Qarabağ münaqişəsi ilə bağlı növbəti danışıqlar baş tutacaq. Cəbhədə iki ölkə arasında müharibənin davam etdiyi bir vaxtda danışıqlarda əldə olunacaq nəticələrlə bağlı yanaşmalar isə müxtəlifdir.
Rusiyalı ekspert Andrey Suzdaltsev RİA Novosti-yə verdiyi açıqlamada danışıqlardan ciddi nəticə gözləmədiyini qeyd edib. Onun fikrincə, Paşinyan prezident İlham Əliyev qarşısında geri addım atacağı təqdirdə ciddi daxili etirazlarla qarşılaşa bilər: ”Əgər Xankəndi ələ keçirilərsə, Ermənistanı ciddi qaçqın dalğası bürüyəcək, Ermənistanın bütün şəhərləri qaçqın selinin altında qalacaq. Bu da Paşinyan hakimiyyətinin sonu deməkdir”.
Qara dəniz - Xəzər Bölgəsi İctimai-Siyasi Araşdırmalar İnstitutunun baş elmi işçisi Vladimir Novikov isə münaqişənin hələlik diplomatik həllinin olmadığını qeyd edib. Novikov, "indi vəziyyət daha da uzun çəkəcək bir müharibəyə - məcburetmə müharibəsinə çevrilməyə daha yaxındır" deyə qeyd edib.
"Vaşington Post" qəzeti də Cenevrə danışıqlarında optimist bir nəticənin çıxacağına ehtimal olmadığını qeyd edir. Bu vaxta qədər 3 dəfə əldə olunmuş atəşkəs rejiminin pozulduğunu qeyd edən qəzet, hər iki tərəfdə ciddi millətçi duyğuların alovlandığına diqqət çəkib.
2001-ci ildən etibarən tərəflər arasında beynəlxalq vasitəçilikdə yer alan Kentukki Universitetinin professoru Kerri Kavana, əgər münaqişə tezliklə həll olunmasa döyüşlərin dramatik bir şəkildə genişlənməsinə və artan insan itkisinə səbəb olacaq geri dönülməz mərhələyə qədəm qoyacaq deyə qeyd edib.
Qarabağ münaqişəsi ilə bağlı tədqiqatçı Tomas De Val isə bölgədə münaqişəni Rusiya və Türkiyənin müdaxiləsi olmadan həll edə biləcək yeganə qüvvələrin Azərbaycan və Ermənistan olduğunu deyir. O, hər iki dövlətin ortaq maraqlara uyğun razılıq əldə edə biləcəkləri mümkünlüyünü vurğulayıb.
"Vaşinqton Post", eyni zamanda, Ermənistan tərəfinin münaqişənin danışıqlar yolu ilə həll olunmasına qarşı olan münasibətini də işıqlandırıb. Ermənistanın ABŞ-dakı səfiri Varuzan Nersesyandan da açıqlama alan qəzet, erməni səfirin Azərbaycanın münaqişə ilə bağlı maksimalist mövqe nümayiş etdirdiyini deyib. Nersesyan, Ermənistanın isə güzəştə hazır olmadığını bildirib.
Xatırladaq ki, Ermənistan rəsmilərindən fərqli olaraq Azərbaycan Prezidenti İlham Əliyev ən son çıxışında Azərbaycanın münaqişəni danışıqlar yolu ilə də həll olunmasında maraqlı olduğunu bəyan edib.
Rəvan Əliyev, Bizim.Media