Oktyabrın 16-da Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavəndə və Ağdərədə 3 rəngli müqəddəs Azərbaycan bayrağı ucaldıldı. Bu tarixli və şərəfli mənzərəni izləmək nə qədər qürurverici idisə, bir o qədər də həyəcanlı idi. Çünki 35 ildir ki xalqımız bu günü həsrətlə gözləyirdi.
Bu günü görmək üçün 35 illik ağrılı-acılı, itkilərlə dolu bir yol keçmişik. Bu günə gəlib çıxmaq üçün 30 min soydaşımızı itirmişik.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: İlham Əliyev Xankəndi şəhərində bayrağımızı ucaltdı
Hələ yurd həsrəti ilə çadır şəhərciklərində vaxtsız həyatlarını itirən minlərlə soydaşımızı demirik. Dünən Xocalıda qaldırılan bayraq Xocalı soyqırımına məruz qalmış yüzlərlə soydaşımızın ruhuna sərinlik, Kərkicahandakı dünənki möhtəşəm mənzərə cəsədlərindən körpü kimi istifadə edilən soydaşlarımızın ruhuna bir dinclik, Xocavənddə ucaldılan bayrağımız Qaradağlı faciəsinin qurbanlarının narahat ruhlarına bir rahatlıq gətirdi.
Əminliklə deyə bilərik ki, bu gecə 30 minə yaxın şəhidimizin və on minlərlə yurd həsrəti ilə bu dünyaya göz yuman soydaşlarımızın ruhları Xankəndi, Xocalı, Xocavənd, Kərkicahan, Malıbəyli və Ağdərə üzərində rahatlıqla dolaşdı. Bir sözlə, ötən gün ilk dəfə bütün şəhidlərimizin ruhu şad oldu, bu ilıq payız günündə qəbrlərin üzərində otlar yaşılllaşdı.
Bu günə qədər hansı əzablı yolları keçmişik?
Ümummilli lider Heydər Əliyev deyirdi ki, müstəqilliyi qazanmaq nə qədər şərəflidirsə, onu qoruyub inkişaf etdirmək bir o qədər çətindir. Nə yazıq ki, Azərbaycanın ikinci dəfə qazandığı dövlət müstəqilliyi anadan şikəst doğulmuşdu. Müstəqilliyə gedən yolda Azərbaycan ana bətnindəykən travma almışdı. 1987-ci ilin oktyabrında Heydər Əliyev SSRİ dövlətindəki bütün vəzifələrindən istefa verdi.
Bunu fürsət bilən ermənilər hərəkətə keçdilər. Aqanbekyanlar, Balayanlar Fransa və digər Qərb, eləcə də SSRİ mətbuatında xəstə “miatsum” ideyasını ortaya atdılar. Bir neçə ay sonra isə ermənilər Xankəndi meydanlarına çıxıb Azərbaycana qarşı açıq şəkildə torpaq iddiası ilə çıxış etdilər. Moskvanın dəstəyi ilə bir neçə il ərzində Qarabağın ermənilər yaşayan bütün əraziləri faktiki olaraq Azərbaycanın nəzarətindən çıxarıldı.
Qərbdən və Rusiyadan böyük dəstək alan ermənilər sürətlə Azərbaycan torpaqlarını işğal etməyə başladılar.
O zaman hakimiyyətdə olanların siyasi səriştəsizliyi ucbatından torpaqlarımız qarış-qarış ermənilərə verildi. Nəhayət, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişi ilə erməni işğalının qarşısı alındı.
Lakin Ermənistanın işğalçı siyasətinə və xəstə “miatsum” iddialarına haqdan, ədalətdən danışan ABŞ, Avropanın aparıcı dövlətləri və Rusiya heç zaman “dur” demədi. Əksinə, ötən 30 ildə bu dövlətlər haqqı tapdalanan Azərbaycanın yanında yox, işğalçı Ermənistanın yanında dayandılar. Məhz bu dövlətlərin məsuliyyətsiz yanaşması səbəbi ilə BMT-nin 4 qətnaməsi icrasız qaldı.
Sülh danışıqları prosesi üçün bədnam ATƏT-in Minsk qrupu yaradıldı
25 il müddətində Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya açıq şəkildə Ermənistanın maraqlarını müdafiə edirdi. Bu dövlətlər ən yaxşı halda işğal olunmuş 12 rayondan 5-nin Azərbaycana qaytarılmasını, 2-nin buffer zona kimi saxlanmasını, qalan 5 rayonunsa bədnam “Artsax”ın sərəncamına verilməsini təklif edirdi. Bu da birmənalı olaraq Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranması demək idi.
Bir sözlə, son 30 ildə Azərbaycan Ermənistanın yox, qlobal güclərin qarşısında tək qalmışdı. 2020-ci ilə qədər xristian dövlətləri bir yana, bəzi islam ölkələri də Ermənistanın yanında yer almışdı. Çoxlarının yadındadır ki, bəzi müsəlman dövlətlərinin liderləri zaman-zaman Ermənistana səfər edib, iqtisadi əlaqələr qurmalaqla kifayətlənməyib, hətta bədnam “erməni soyqırımı” abidəsi önünə əklil qoyub, ehtiramlarını bildiriblər.
Bəli, 25 ildən artıq müddətdə Azərbaycan təkcə super güclərə qarşı deyil, həm də sözdə dost-qardaş olan ölkələrə qarşı mübarizə aparıb. Ən acı fakt isə odur ki, qlobal güclər heç zaman Azərbaycana öz torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başlamaq fürsəti verməyib. Ona görə də Azərbaycan diplomatik və siyasi sahədə uzunmüddətli proqram xarakterli siyasət həyata keçirib, tədricən bəzi qlobal güclərin maraqları neytrallaşdırılıb. Eyni zamanda, ölkənin iqtisadi gücü artırılıb və ordu yenidən ən müasir tələblərə uyğun səviyyədə qurulub.
Tarixi şans - 27 sentyabr
2020-ci ilin payızında Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün tarixi fürsət yaxaladı. ABŞ-ın başı prezident seçkilərinə, Qərbinsə başı pandemiyaya və iqtisadi böhrana qarışdığı bir vaxtda Azərbaycan öz torpaqlarının azad olunması üçün meydana atıldı.
Cəmi 44 gün ərzində Azərbaycan təkcə işğal altında olan torpaqlarını azad etmədi, həm də Ermənistanın hərbi kapitulyasiyasına nail oldu.
Noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli Bəyannamə imzalandı. Bu sənədin imzalanmasından sonra Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Lakin Azərbaycan Xankəndi və ətraf ərazilərdə suveren hüquqlarını bərqərar edə bilmədi. Daha doğrusu qlobal güclər buna imkan vermədi. Ona görə də Azərbaycan növbəti həmləyə qədər dayandı. İmkanlarını ölçdü-biçdi. Yeni iqtisadi-siyasi strategiya ortaya atıldı.
Bu strategiya həm Qərb üçün, həm də Rusiya üçün çox cəlbedici idi. Ona görə də ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq ABŞ, Rusiya və böyük Avropa dövlətlərinin məsələyə loyal münasibəti təmin edildi. Sentyabrın 19-da Azərbaycan lokal antiterror tədbirləri hesabına Xankəndi və ətraf əraziləri nəzarətin ələ aldı, separatçıların kökünü qazıdı.
35 illik mübarizənin möhtəşəm sonu
Azərbaycan Ermənistanla yox, ABŞ, Rusiya, Almaniya, Fransa və digər güclərlə 35 illik mübarizədən alnı açıq, üzü ağ çıxdı. Bu gün qlobal güclər artıq Azərbaycana tərəfdaş ölkə kimi baxırlar. Dünənə qədər Azərbaycan həqiqətlərini dilə gətirmək istəməyən bəzi İslam və türk dövlətləri isə Azərbaycanla dost-qardaş ölkə kimi münasibətlərə can atırlar.
Bütün bunlarsa Müzəffər Ali Baş Komandan, dünyanın ən öndə gedən praqmatik siyasətçilərindən biri İlham Əliyevin siyasi müdrikliyinin təntənəsidir. Prezidentin müdrik siyasəti hesabına qazanılan tarixi uğurlar bir çox dövlətlər üçün örnəkdir. Separatizmdən əziyyət çəkən ölkələr üçünsə Azərbaycan Prezidentinin siyasi-diplomatik fəaliyyəti əsl Yol Xəritəsidir. Ona görə də Azərbaycanın son 3 ildə qazandığı ağlasığmaz uğurlar təkcə bizim üçün deyil, həm də sivilizasiya üçün çox böyük nailiyyətdir.
Bu gün hər bir azərbaycanlı qürurla, alnıaçıq gəzə bilir. Çünki biz qalib ölkənin, separatizmin kökünü qurutmağı bacarmış nadir dövlətin vətəndaşlarıyıq.
Bu xoşbəxtliyi bizlərə yaşatdığınız üçün Sağ olun, Ali Baş Komandan, Əziz İlham Heydər oğlu Əliyev!
Surxay Atakişiyev, Bizim.Media