Xəbər verdiyimiz kimi oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri çərçivəsində rəsmi Tiflis Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarına vasitəçilik edə biləcəyini bəyan etdi.
Paşinyan Tiflisdən niyə qaçır?
Azərbaycan tərəfi Gürcüstanın bu nəcib təşəbbüsünü bəyəndi. Lakin Paşinyan Gürcüstanın vasitəçilik təşəbbüsünə 10 gündür ki, heç bir cavab verməyib. Bu da Ermənistanın siyasi hakimiyyətinin sülhə hazır olmadığını göstərir.
MÖVZU İLƏ BAĞLI:
Erməni separatizmi Qarabağdan sonra Cavaxetiyada baş qaldıracaq? – Gia Xuxaşvilidən AÇIQLAMA
Baxmayaraq ki, erməni rəsmiləri tez-tez sülh danışıqlarına və hətta sülh sazişinin imzalanmasına hazır olduqlarını bildirirlər. Lakin reallıqda Ermənistan bütün vasitələrlə sülh danışıqlarından imtina edir. Ermənilər ən yaxşı halda isə Qərbin vasitəçiliyi ilə danışıqları məqbul sayırlar.
Bu da ondan irəli gəlir ki, Ermənistan hansısa güclü dövlətin vasitəçiliyini istəyir. Daha doğrusu üçüncü dövlətin birbaşa dəstəyi ilə danışıqlar masasına oturmaq istəyir.
Məsələn, ermənilər daha çox Fransanın, ən pis halda ABŞ-ın vasitəçiliyini arzulayırlar. Bununla da Ermənistan vasitəçi yox, dəstəkçi istəyini ortaya qoyur. Ona görə də Ermənistan Gürcüstanın vasitəçiliyini istəmir. Gürcüstan tərəfsiz vasitəçidir. Ermənistansa güclü Azərbaycanın qarşısına tərəfsiz vasitəçi ilə çıxmağa cəsarət etmir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan gürcü politoloq Gia Xuxaşvili deyib ki, Ermənistan niyyəti aydındır:
“Ermənistan xaricdəki lobbisinin gücünə arxalanaraq bu məsələnin Avropa səviyyəsinə çıxarılmasında maraqlıdır. Tiflisdə danışıqlar baş tutarsa bu, məsələnin regional, yerli əhəmiyyətli olduğunu göstərəcək. Bu isə ermənilər üçün qətiyyən faydalı deyil. Çünki Ermənistana vasitəçi yox, tərəfdaş lazımdır”.
Surxay Atakişiyev, Bizim.Media