“Rusiyanın hərbi bazası Ermənistandan çıxarılacaq” – Zərdüşt Əlizadə 

“Rusiyanın hərbi bazası Ermənistandan çıxarılacaq” – Zərdüşt Əlizadə 

Hazırda oxunan: “Rusiyanın hərbi bazası Ermənistandan çıxarılacaq” – Zərdüşt Əlizadə 

159694

Son zamanlar Ermənistan Gümrüdə yerləşən Rusiya hərbi bazasının bağlanması çağırışları artmağa başlayıb. Aydın məsələdir ki, bu çağırışların arxasında Ermənistanın hazırkı Paşinyan hakimiyyəti və onun Qərbdəki dəstəkçiləri dayanır. 

Paşinyanın siyasəti nəticəsində son dövrlər İrəvanla Moskva arasında münasibətlər xeyli gərginləşib. Bu fonda İrəvan çalışır ki, Gümrüdəki Rusiya hərbi bazası vaxtından əvvəl Ermənistanı tərk etsin. Görünür onun yerində Ermənistan NATO ölkələrinin hərbi bazalarını ərazisində yerləşdirmək istəyir.

Görəsən, Rusiyanın Gümrüdəki hərbi bazasının gələcək müqəddəratı necə olacaq?

Bizim.Media-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, Gümrüdəki Rusiya hərbi bazası Ermənistanı müqavilədə nəzərdə tutulduğundan daha tez tərk edəcək:

“Ermənistan ərazisində yerləşən Rusiyaya məxsus hərbi baza buradan çıxacaq. Amma bu danışıqlar nəticəsində mümkün olacaq. Rus hərbi bazasının Ermənistandakı fəaliyyət müddəti 49 illiyə nəzərdə tutulub. Hələ həmin vaxtın başa çatmasına 20 ildən artıq zaman qalıb. 

Amma düşünürəm ki, tərəflər bu vaxtın bitməsini gözləməyəcək və rus hərbi bazası müqavilədə nəzərdə tutulduğundan daha tez bir müddətdə Ermənistanı tərk edəcək. Tərəflər həmin baza ilə bağlı şəraitdən asılı olaraq qərar qəbul edəcəklər. Son zamanlar Moskva ilə İrəvan arasında münasibətlər mütəmadi olaraq korlanır. Bunun nəticəsində elə bir həddə çatacaqlar ki, Kreml Gümrüdən getməyin daha vacib olduğunu anlayacaq. Özü də bu proses yaxın illərdə baş verəcək”.

Qeyd edək ki, Rusiya və Ermənistan arasında 1995-ci ildə imzalanan müqaviləyə görə, Moskva hələ 2044-cü ilə qədər Gümrüdəki bazadan istifadə edə bilər.

Gümrüdəki bazada hansı silahlar var?

Məlumat üçün bildirək ki, hazırda Gümrüdəki 102-ci bazada Rusiya ordusunun şəxsi heyətin sayının 4 min nəfər olduğu bildirilir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. 

Gümrü qarnizona 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir.

Gümrüdəki rus hərbi bazası 16 ədəd MiQ-29-a (onlardan 4 ədədi MiQ-29UB tipli təlim-döyüş təyyarələridir) malikdir. Bundan başqa, 6 ədəd Mi-24P döyüş helikopteri, 7 ədəd Mi-8 çoxməqsədli helikopter də var. Döyüş tanklarının sayı 80 ədəd, digər zirehli hərbi texnikalar (BMD-1, BMP-1, BMP-2, BRDM-2, BTR-80, BRDM-2) 160 ədəd, yüngül zirehli avtomobillər 75 ədəddir. 
Gümrü hərbi bazasında 85 ədəd 2А19 (Т-12) tipli 100 mm-lik artilleriya topu, 30 ədəd"9k51 Qrad" YARS, 30 ədəd 2S3 "Akatsiya" özüyeriyən artilleriya qurğusu da var. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO