“Dostluq” yatağının çözülməyən düyünü... – İlham Şabanın ŞƏRHİ

“Dostluq” yatağının çözülməyən düyünü... – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: “Dostluq” yatağının çözülməyən düyünü... – İlham Şabanın ŞƏRHİ

158724

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında Yola saldığımız həftə dünya enerji bazarlarında təkcə neft qiymətlərinin kifayət qədər ucuzlaşması ilə yadda qalmadı.

Həftə ərzində bazar iştirakçılarının diqqəti həmçinin tanınmış enerji şirkətləri rəhbərlərinin Abu-Dabidə (BƏƏ) keçirilən konfransda dünya enerji bazarının qarşılaşdığı problemləri ictimailəşdirməsi və yaxın gələcəkdə enerji keçidinin sürətlənməsi ilə əlaqədar neft-qaz sektorunda hansı vəziyyətin yaşanması məsələlərinə yönəlmişdi. Ölkə daxilində isə... Azərbaycan özünün ən məşhur neftçisini itirdi.

Qlobal bazarlar.

Həftə ərzində dünya bazarlarında neftin qiyməti 11,5%-dən çox ucuzlaşdı. Əgər ötən cümə hərraclar bağlanarkən Brent markalı neft 95 dollardan baha satılırdısa, bu həftənin son hərracında qiymətlər 84 dollardan aşağı düşdü. Və bu qiymət cari ilin 29 avqust tarixindən sonra neftin ən ucuz qiyməti idi.

Onu qeyd edim ki, Avropa bazarlarında mavi yanacaq isə həftə ərzində qiymətini 18%-dək artıra bildi. Buna səbəb Niderland hökümətinin ölkənin ən böyük qaz yatağını ekoloji səbəblər üzündən bağlaması oldu. Hər iki halda qiymətlərin kəskin dəyişməsində spekulyativ amillərin də olduğu güman edilir.
Çünki hərraclarda treyderlər qiymətlərin xeyli ucuzlşaması və artımı zamanı daha çox qazanc götürmək imkanı qazanırlar. Hələ ki, qanunvericiklə və ticarət reqlamentləri ilə bu kimi halların qarşısını almaq mümkün olmadığından bazar bunu reallıq kimi qarşılayır.

Xoşbəxtsiz günlər.

Oktyabrın 3-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, respublika dövlət mükafatları və Heydər Əliyev Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadə ömrünün 94-cü ilində vəfat etdi. Xoşbəxt müəllim Azərbaycan neft sənayesinin tarixində dərin iz qoymuş şəxs kimi tanınıb.

Onu istər Azərbaycanda, istərsə də xaricdə ilk növbədə Xəzərin enerji resurslarının bilicisi kimi tanıyırdılar. Çünki Xoşbəxt Yusifzadə Xəzər dənizinin Azərbaycan sektorunda 20-dən çox neft-qaz yataqlarının kəşf edilməsində böyük rol oynayıb. Bu gün hər kəsin yaxşı tanıdığı "Azəri-Çıraq-Günəşli", "Abşeron", "Ümid" və digər neft-qaz yataqlarının kəşf edilməsində müstəsna xidmətlərə malik olan bir geoloq olmuşdu.

Xoşbəxt Yusifzadənin elmi tədqiqatları neft və qaz-kondensat yataqlarının kəşfi və işlənməsində yaranan problemlərin həllinə böyük töhfə verib.

Türkmənistan ilə enerji danışıqları.

Bu həftə ərzində SOCAR nümayəndə heyətinin başda iqtisadiyyat naziri, SOCAR-ın müşahidə şurasının sədri Mikayıl Cabbarov olmaqla Aşqabadda və Ankarada Azərbaycanla Türkmənistan və Türkiyə arasında enerji məsələlərinin cari vəziyyəti və perspektivlərinə dair intensiv danışıqlar apardığını müşahidə etdik.

Xəzərin o tayında iki gün ərzində SOCAR rəhbərliyi istər “Türkmənqaz” dövlət konserni ilə, istərsə də hökumət rəhbərləri ilə görüşlər keçirdi. Bu haqda Azərbaycan tərəfi sosial şəbəkələrdə kiçik məlumatlar bölüşsə də, Türkmənistanın dövlət KİV-ləri görüşlər haqda daha təfərrüatlı məlumatlar yayırdı.

Həmin məlumatlara əsasən, Azərbaycan nümayəndə heyətini əvvəlcə dövlət naziri - “Türkmənqaz” Dövlət Konserninin sədri Məqsət Babayev qəbul edib. Bu görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə fəaliyyət barədə fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi, potensial layihələrin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər.

Bundan sonra Azərbaycan nümayəndə heyəti Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Amanovla iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib, birgə layihələrin həyata keçirilməsi potensialını müzakirə edib. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış enerji sənədlərinin əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə olduğu vurğulanıb.
Qeyd edim ki, hazırda Azərbaycanla Türkmənistanın enerji əlaqələri çoxşahəlidir. Azərbaycan üzərindən Türkmənistan özünün neftini və neft məhsullarını dünya bazarlarına çıxarır. Özü də enerji daşıyıcılarının Xəzərin o tayından Bakı limanlarına daşınması əsasən Azərbaycan tankerləri vasitəsi ilə həyata keçirilir.

Cari ildə Azərbaycanın boru düzən gəmisi Türkmənistan sularında platformalararası sualtı kəmərin çəkilişində iştirak edib. Türkmənistan nümayəndə heyəti Bakı Gəmiqayırma Zavodunda olub, onun imkanları ilə tanış olub. Həmçinin Türkmənistana məxsus gəmilərin Bakıda təmir olunması məsələsi müzakirə edilib. Bundan əlavə 2021-ci ilin dekabrından Azərbaycan özünün mavi yanacağa artan tələbatını ödəmək məqsədi ilə İran üzərindən Türkmənistan qazı idxal etməyə başlayıb.

“Dostluq” yatağının düyünü.

Bütün bunlarla yanaşı istər Azərbaycanda, istərsə də ölkəmizdən kənarda Türkmənistanla enerji məsələlərinə toxunanda hökmən yada iki ölkə arasında uzun illər mübahisəli yataq qismində qalmış “Kəpəz/Sərdar” neft yatağının taleyi düşür.

Qeyd edək ki, 2021-ci il yanvarın 21-də Aşqabadda Türkmənistan və Azərbaycan hökumətləri arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə tədqiqi və işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin mərkəzində yerləşən bu yatağın sahibliyi ilə bağlı mübahisələr əvvəllər hətta ölkələrarası münasibətlərə təsir edəcək səviyyəyə qalxmışdı.

Xatırladım ki, bu yataq 1989-cu ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib. Lakin ölkələrimiz müstəqillik əldə edəndən sonra Türkmənistan hesab edirdi ki, Azərbaycanın sahil sərhədləri müəyyən edilərkən Abşeron yarımadası nəzərə alınmasa, o zaman Xəzər dənizi sektorlara bölünərkən bu yataq tam şəkildə ona aid olur.

Beləcə illər keçdi və nəhayət, 2021-ci ildə tərəflər çıxarıla bilən ehtiyatları ən azı 300 milyon barel təşkil edən azərbaycanlıların “Kəpəz”, türkmənlərin isə “Sərdar” adlandırdıqları yatağı “Dostluq” adında bəyan edərək onun birgə işlənməsi qərarını verdilər.
Lakin ilk sənədlərin imzalanmasından artıq üç ilə yaxın vaxt keçsə də, tərəflər arasında hələ də kommersiya sazişi imzalamayıb. Mikayıl Cabbarov son iki ildə Türkmənistana 3 dəfə səfər etsə də və təbii ki, Xəzərin o tayına olan səfərlər zamanı iki ölkə arasında iqtisadi münüsibətlərin, enerji əməkdaşlığının perspektivlərinin müzakirə edildiyi rəsmən elan olunsa da, amma hamı cox gözəl başa düşürdü ki, müzakirə obyekti kağız üzərində olan “Dostluq” yatağının işlənməsi problemlərinin həllidir. “Turan” agentliyinin məlumatına görə, Türkmənistan tərəfi layihəyə investisiya qoymağa həvəs göstərmir və bunu sərbəst kapitalının olmaması ilə izah edir.

Aşqabad neft hasilatının başlanmasına qədər “investisiya tətili” variantı (yəni, özünün xərclərini neft bazara çıxarılandan sonra satışdan gələn vəsaitlə ödəmək) təklif edir. Belə halın həlli üçün SOCAR rəhbərliyi layihənin maliyyələşdirilməsi üçün müxtəlif variantlar təklif etsə də, indiyə qədər Türkmənistan tərəfi seçimini etməyib və qəti qərar verə bilmir.

Azərbaycan Dövlət Neft Şirkətinin son illər Aşqabadda keçirilən neft və qaz sərgilərinə baş sponsor qismində qatılması belə “Dostluq” yatağının işlənmə taleyinə təsir etməyib. Türkiyə-Azərbaycan enerji dialoqu. Mikayıl Cabbarov bu həftə həmçinin SOCAR-ın nümayəndə heyəti ilə birgə İstanbulda ölkələrimiz arasında enerji əməkdaşlığı məsələlərini müzakirə edib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşdə Azərbaycanla Türkiyə arasında uğurlu iqtisadi əməkdaşlıq, birgə reallaşdırılan enerji layihələrinin əhəmiyyəti və əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Alparslan Bayraktar ölkələrimizin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, enerji tərəfdaşlığının yeni qlobal trendlərə uyğun şəkildə inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.

Görüşün təfərrüatları haqda heç Türkiyə mətbuatı da hansısa detalları açıqlamayıb. Ancaq mümkündür ki, söhbət SOCAR-ın qardaş ölkədə reallaşdıracağı hansısa yeni bir layihədən gedir. Neft-qaz gəlirlərimiz. Həftə sonu Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qazın satışından dövlətə çatmış olan qazancın $6 milyard 417 milyon məbləğində olmasına dair məlumat yaydı.

Bu məbləğ ötən ilin müvafiq dövrünün göstəricisindən 26,6% azdır. Səbəbi isə ondan qaynaqlanır ki, dünya bazarlarında cari ildə istər neftin, istərsə də qazın qiymətləri xeyli azalıb.
Bundan əlavə Azərbaycanın ixrac etdiyi neft həcmləri də azalıb. Belə bir şəraitdə AÇG blokundan hasil edilən mənfəət neftinin satışından dövlətə çatan gəlir 30,5% azalaraq $5 milyard 234 milyon təşkil edib. Qazın ixracı isə artım nümayiş etdirdiyindən “Şahdəniz” yatağından çıxarılan mənfəət qazı və kondensat satışından $1 milyard 183 milyon məbləğində gəlir əldə olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 2,2% azalma deməkdir.

Xatırlatmaq istərdim ki, 2022-ci ildə Neft Fondu AÇG blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qazının satışından $11 milyard 332 milyon məbləğində gəlir əldə etmişdi ki, bu da 2021-ci ilin göstəricisindən 65,4% çox olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO