Xəbər verdiyimiz kimi Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırıb. Milli Məclisin belə bir addım atmasının tək səbəbi Fransanın və eləcə də bu ölkənin qanunverici orqanının son vaxtlar Azərbaycana qarşı sərgilədiyi düşmənçilik münasibətləridir.
Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Millət vəkil Razi Nurullayevlə əlaqə saxladıq.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Fransa Milli Assambleyasındakı Azərbaycanla dostluq qrupu artıq xeyli müddətdir ki, fəaliyyətini dayandırıb:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini DAYANDIRDI
“Əslində qrupun elə bir fəaliyyəti də yox idi. Bu qrupun üzvləri Fransa parlamentinin Azərbaycan əleyhinə çıxardığı bütün qərarlara bir qayda olaraq bitərəf qalırdı.
Bəzi hallarda isə onlar özləri anti-Azərbaycan çağırışları ilə çıxış edirdilər. Beləcə onlar açıq şəkildə göstərdilər ki, Azərbaycanla dostluq etmək fikrində deyillər. Ona görə də Azərbaycan parlamenti qərara aldı ki, belə vəziyyətdə Fransa ilə əlaqədar işçi qrupunun qalmasına ehtiyac yoxdur. Əgər fransızlar bizimlə dostluq etmək istəmirlərsə, biz onları buna məcbur edəsi deyilik ki...”
Dostluq qrupunun fəaliyyəti bərpa oluna bilərmi?
Millət vəkili onu da qeyd edib ki, bütün bu səbəblərə görə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu öz fəaliyyətini dayandırıb:
“Bundan sonrakı mərhələdə onlar Azərbaycana qarşı şantaj və təzyiqlərini dayandırsalar, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almasalar və nahayət səmimi dostluq münasibətini ortaya qoysalar, o zaman bu məsələyə yenidən baxmaq olar. Lakin indiki halda işçi qrupunun saxlanmasına ehtiyac yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media