“Qarabağın siyasi gələcəyi artıq müəyyən edilib: o, çoxmədəniyyətli, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycanın ayrılmaz hissəsidir”.
Bunu Bizim.Media-ya müsahibəsində Yəhudi hüquq müdafiə təşkilatının Rusiya və Avrasiya üzrə direktoru Samuel Kliger deyib. Regionda yeni reallığın yarandığına diqqət çəkən Kliger dünyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını və işğalın başa çatması ilə bölgədə yeni reallıqların yarandığını vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
“Makron Ermənistana kömək edə bilməyəcəyini anlasa, sülh olacaq” – Zərdüşt Əlizadə
Sözügedən müsahibəni təqdim edirik:
- Cənab Kliger, siz Qarabağda gedən prosesləri yaxından izləyirsiniz. Hazırda Qarabağın demək olar ki, hər bir hissəsi Azərbaycanın nəzarəti altındadır. Çoxlu erməni sakin isə ərazini tərk edir. Siz Qarabağdakı hazırki vəziyyəti və bölgənin gələcəyini necə şərh edərdiniz?
- Qarabağın siyasi gələcəyi müəyyən edilib: o, çoxmədəniyyətli, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycanın ayrılmaz hissəsidir. Ona görə də Qarabağda və ondan kənarda qalan erməni əhalisinə hörmət edilməli və onlar Azərbaycanın digər vətəndaşları kimi bütün hüquq və imtiyazlara malik olmalıdırlar. Qarabağ ermənilərinin təhlükəsizliyi, etnik və dini kimliyi Azərbaycan hökuməti tərəfindən təmin edilməlidir.
- Prosesin başa çatması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilərmi?
- Bəli, bu ideal, ən arzuolunan və yəqin ki, yeganə optimist nəticədir. Ermənistan və Azərbaycan danışıqlar masasına qayıtmalı və onilliklərlə davam edən qarşıdurmaya son qoyacaq sülh sazişi imzalanmalıdır. Həm Ermənistan, həm Azərbaycan, həm regionda, həm də onun hüdudlarından kənarda olan bütün ölkələr sülhdən böyük fayda əldə edəcəklər. Bu, münaqişəyə son qoymağın, firavan yaşamağın, gələcək nəsillərə ümid və işıqlı gələcək bəxş etməyin yeganə yoludur.
- Bilirsiniz ki, Ermənistanda etirazlar davam edir. Ermənistanın Baş naziri Paşinyanı hansı aqibət gözləyir?
- Baş nazir Paşinyanın gələcəyini bilmirik. Bu, Ermənistan xalqından asılıdır. Paşinyan və ya Ermənistanın digər siyasi liderin iqtidarda olmasından asılı olmayaraq, Ermənistan xalqı və onun siyasi elitası son nəticədə regiondakı siyasi reallığı tanımalı, Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olması anlayışını qəbul etməli və mənimsəməli, Azərbaycanla əməkdaşlıq etməlidir. Onlar orada, Ermənistanla Azərbaycan arasında dinc yanaşı yaşama konsepsiyasını həyata keçirsinlər. Bu kontekstdə həm Türkiyənin, həm də Ermənistanın keçmiş düşmənçiliyə son qoymaq, dinc və firavan bir arada yaşamaq üçün yaxşı şansları var.
- Siz ABŞ-də fəaliyyət göstərirsiz və Vaşinqtonlu siyasətçilərlə dialoqdasınız. Bilmək istərdik ki, ABŞ-ın Qarabağdakı yeni reallığa münasibəti necədir?
- Ümumiyyətlə, ABŞ hökuməti həmişə Qarabağın Azərbaycanın bir hissəsi olduğunu etiraf edib. Onlar rəsmi olaraq Qarabağdakı rejimi “müstəqil” bir qurum hesab etmirdilər. Bununla belə, ABŞ Konqresində bəziləri və ştatlar səviyyəsində bir sıra liderlər Ermənistanın Qarabağla bağlı iddiasını dəstəkləyib, bununla bağlı bəyanatlar, hətta yerli qanunlar qəbul ediblər.
İndi, yəni vəziyyət kəskin şəkildə dəyişdikdə, ABŞ ən çox bölgədə erməni əhalisinin əziyyət çəkməsindən narahatdır. Siyasi müstəvidə Ermənistan Rusiya və onun sülhməramlı qüvvələrinə qarşı dərin narazılığını ifadə edərkən, Ermənistan öz təhlükəsizliyinin potensial təminatçısı kimi ABŞ-a üz tutub. Rusiya ilə Amerika arasındakı hərbi əməliyyatları nəzərə alsaq, ABŞ Cənubi Qafqazda Rusiyanın təsirinə və Ermənistana qarşı daha fəal rol oynamağı düşünə bilər. Bununla belə, ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəkləməyə davam edir.
- Cənab Kliger, suallarımızı cavabladığınız üçün təşəkkür edirik.
- Təşəkkür edirəm.
Tehran Orucoğlu, Bizim.Media