Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclas yekunlaşıb. Bu müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib. İclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndiriblər.
Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramovdan FOTOFAKT: "Ermənilər Qarabağda ağır texnikalar yerləşdirib" - VİDEO
Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib. Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyətini açıqlayıb.
İclas heç bir sənəd qəbul olunmadan başa çatıb.
Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, BMT TŞ-nin Qarabağla bağlı dinləmələrində Azərbaycan atdığı hər bir addımın məhz beynəlxalq hüquq normaları çərçivəsində olduğunu isbat etdi:
“Eyni zamanda, Azərbaycan dinc insanlara qarşı cinayət törətmədiyini də sübuta yetirdi. Baxmayaraq ki, ermənilər 30 ilə yaxın insanlığa qarşı cinayət törədiblər. Etnik təmizləmə siyasəti aparıblar. Amma beynəlxalq aləm tərəfindən onlara qarşı hansısa ciddi sanksiyalar tətbiq olunmayıb. BMT TŞ-nin 4 qətnaməsi 30 il icra olunmadı. Yalnız Azərbaycan onları icra etdi”.
Deputat qeyd edir ki, Fransanın BMT TŞ-də yenidən Qarabağ məsələsini gündəmə gətirməsi onun imperalist təfəkküründən irəli gəlir:
“Onlar Rusiyanın zəifləməsindən istifadə edərək, bölgəmizə yenidə imperalist məqsədlərlə daxil olmağa çalışırlar. Ona görə də beynəlxalq hüquq normalarına zidd olan belə şouları təşkil edirlər. Fransa özünün kolonial siyasətilə Afrikada tam iflasa uğrayıb. Keçmiş müstəmləkələrində bu ölkə nifrətdən başqa heç nə qazanmayıb. Əslində beynəlxalq tribunalarda Fransanın davam etdirdiyi rasist, antiislamist siyasəti ifşa edilməli və məhz ona qiymət verilməlidir. Bu gün məhz Fransanın yürütdüyü imperalist siyasətilə bağlı dinləmələrin keçirilməsinə ehtiyac var”.
A.Mollazadə bildirir ki, BMT TŞ-nin iclası anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı sərgilədikləri mövqelərinin növbəti dəfə tam şəkildə fiaskoya uğradığını göstərdi:
“Bu oyunların arxasında siyasi korrupsiya, zəngin erməni icmasının imkanlarından bəhrələnmək dayanır. Onlara münaqişə lazımdır. Ona görə də bütün vasitələrdən istifadə edərək, münaqişənin həllinə qarşı çıxış edirlər. Lakin BMT TŞ-nin iclası növbəti dəfə göstərdi ki, belə qüvvələrin cəhdləri, çirkin oyunları heç bir nəticə verməyəcək”.
Rüfət Sultan, Bizim.Media