“Azərbaycanı dünən səhər saatlarında başladığı və bir neçə saat əvvəl başa çatan antiterror tədbirləri uğurla başa çatdı və Qarabağdakı separatçı qüvvələr təslim bayrağı qaldırmağa məcbur oldu. Onlar nəhayət rəsmi Bakının şərtlərini qəbul etdilər, hətta Yevlax şəhərində görüşməyə də razılaşdılar”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında, Milli Məclisin deputatı, Milli Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.
MÖVZU İLƏ BAĞLI:
Gia Xuxaşvili: “Antiterror tədbirləri bitdikdən sonra Qərb də sakitləşəcək” – ÖZƏL
F.Mustafanın sözlərinə görə, şərtlər əsasında seperatçıların bütün silah-sursatları təhvil verərək, bölgəni tərk etməsi məsələsi də öz həllini tapdı:
“Azərbaycan həmişə verdiyi vədlərə əməl edən dövlət olub və bu gün əməl edir. Bircə, Qarabağın Azərbaycan konstitusiyasına və qanunvericiliyi əsasında idarə olunması və ordakı erməni əhalinin reinteqrasiya məsələsi qalıb ki, bunu da yaxın vaxtlarda həll edəcəyik.
Məsələnin mahiyyəti odur ki, biz yalnız atəşkəs elan etdik və antiterror tədbirlərini dayandırmamışıq. Atəşkəsin elan olunması o deməkdir ki, qarşı tərəf şərtlərdən hər hansı birinə əməl etməsə, daha ağır şəkildə cəzalandırılacaq. Bu baxımdan da Azərbaycan bu prosesi sonuncu terrorçu təslim olunana qədər davam etdirməli və bütün diqqəti problemin tam bitməsinə yönəltməlidir”.
Bugünkü qələbə son 200 ilin ən böyük qələbəsi kimi xarakterizə edən BQP sədri vurğuladı ki, bunun da memarı Ali Baş Komandan İlham Əliyev və Azərbaycan əsgəridir:
“Biz bunu mütləq qeyd etməliyik. Ona görə ki, Azərbaycan ordusunun böyük rəşadəti tariximizin ən böyük və şərəfli səhifəsidir. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar bu qələbədə böyük rol oynadılar və fədakarlıqları sayəsində bu qələbəni əldə etdik.
Allah onların ruhunu şad eləsin. Qazilərimizə də Allah şəfa versin! Vətən müharibəsi həmişə itkilərlə müşayiət olunur və Vətənimizin azadlığı üçün verildiyi üçün böyük bir dəyər oldular”.
Separatçıların iki gün ərzində bütün dünya qarşısında hay-küy qaldırdıqlarını deyən müsahibimiz bunun boş və səmərəsiz olduğunu diqqətə çatdırıb:
“Onlarının beynəlxalq aləmə etdikləri çağırışların artıq heç bir mənası yoxdur. Çünki, artıq məsələ bitmək üzrədir. Əvvəldən düşünməliydilər ki, yüz avropalıya, amerikalıya yalvarınca, Azərbaycanın şərtləri ilə razılaşmaq və hökumətimizlə bir masa arxasında əyləşmək lazımdır. Sabah gəlsinlər, təkliflərini versinlər, Azərbaycan konstitusiyasını tanıdıqlarını və vətəndaşlığını qəbul etdiklərini bildirsinlər”.
Azərbaycanın onlarla heç bir probleminin olmadığını deyən deputat qeyd edib ki, onların qarşısına qoyulan əsas şərt terrorçuların bölgədən qovulması ilə bağlıdır:
“Rəsmi Bakı bəyan edir ki, onlar qovulduqdan sonra birgə sülh şəriatində yaşamaq olar. Ancaq onlar bunu deyil, terrorçuların əsarəti altında yaşamağı üstün tuturlar. Buna da yol verilmədi və 24 saatlıq tədbirlər onların ağır məğlubiyyəti ilə başa çatdı”.
Rövşən Ziya, Bizim.Media