Soçi görüşünə təsir edəcək supriz şəxs kimdir? – Lukaşenko Soçiyə təsadüfən gəlib?

Soçi görüşünə təsir edəcək supriz şəxs kimdir? – Lukaşenko Soçiyə təsadüfən gəlib?

Hazırda oxunan: Soçi görüşünə təsir edəcək supriz şəxs kimdir? – Lukaşenko Soçiyə təsadüfən gəlib?

156065
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Ərdoğan arasında Soçidə baş tutacaq görüş öncəsi Belarus Prezidenti Aleksandr Lukaşenko da Soçiyə gəlib. Lukaşenkonun səfəri özəl xarakter daşısa da onun Soçidəki istirahət evinə dincəlmək üçün gəldiyi vaxtın Soçi görüşü öncəsinə təsadüf etməsi diqqət çəkir.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin Soçi görüşündən gözləntiləri böyükdür. Təsadüfi deyil ki, görüş öncəsi prezident Rusiya və Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlıları ilə bağlı müsbət mesajlar verdi. Xüsusilə, ölkə başçısının dünən Anım Günü ilə bağlı Rusiya və Türkiyə mediasına verdiyi müsahibələr də sülhməramlılarla bağlı bənzər fikirləri səsləndirməsi onun görüş öncəsi Kremlə münasibətləri gərginləşdirmək istəmədiyini göstərir.
 
Aydın məsələdir ki, Soçi görüşü zamanı Ərdoğan və Putinin müzakirə edəcəyi başlıca mövzulardan biri Qarabağ məsələsi olacaq. Düzdür, Rusiya xarici işlər naziri Sergey Lavrov Soçidə baş tutacaq görüşdə tərəflərin Suriyadakı terrorçular və müxaliflərin sərhədinin müəyyən edilməsi məsələsini müzakirə edəcəyini bildirsə də Ərdoğanın Qarabağ məsələsini israrla müzakirəyə daxil edəcəyi sirr deyil. Ərdoğanın dünən 44 günlük müharibənin başlanmasının ildönümü münasibətilə Prezident İlham Əliyevə zəng etməsi də bunu bir daha təsdiqləyir.
 
Ümumiyyətlə, rəsmi Bakı və Ankara arasında siyasi məsləhətləşmələrin olması artıq adi bir hala çevrilib. Tərəflər vaxtaşırı telefon zəngi ilə və ya birbaşa görüşərək regionda baş verən prosesləri müzakirə edir, birlikdə atılacaq addımları müəyyən edərək veriləcək qərarların detallarını müzakirə edirlər. Bu mənada deyə bilərik ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə başçısına telefon zəngi təkcə 44 günlük müharibənin Anım Günü ilə əlaqəli deyil, həm də Soçi görüşü öncəsi son məsləhətləşmədir.

O ki qaldı, Lukaşenkonun görüş öncəsi Soçiyə istirahatə gəlməsinə, deyə bilərəm ki, Soçi şəhərində belə vacib bir görüşün keçirildiyi anda Lukaşenko çətin ki, istirahət etsin. Belarus prezidentinin Rusiya prezidenti və Azərbaycan prezidenti ilə münasibətlərinin nə dərəcədə yaxşı olduğu hər kəsə bəlidir.
Bundan əlavə, son illərdə Lukaşenko-Ərdoğan dialoqu da inkişaf etməkdədir. Düşünürəm, Lukaşenko Soçi görüşünə qatılmasa da görüş öncəsi Əliyevin istəyi ilə Putinlə danışa, müəyyən mənada onun düşüncələrini öyrənə bilər. Lukaşenkonun Soçi görüşü öncəsi Ərdoğanla qeyri-rəsmi telefon danışığı etməsi də mümkündür. Nəticə etibarilə Soçi görüşündə Qafqazla bağlı qərar qəbul edilsə, burada Lukaşenkonun vasitəçiliyi və təmasları oldquca müstəsna olacaq.
İndiki halda Lukaşenkonun Türkiyə və Azərbaycana yaxınlaşması da təsadüfi deyil, ölkə rəhbərləri arasında dostluqdan əlavə Belarusun ciddi ölçüdə maliyyə yardımına ehtiyacı var. Lukaşenko anlayır ki, ölkə iqtisadiyyatını və rifahını yaxşılaşdıra bilsə, bu ona qarşı günü-gündən artan narazı kütləni az da olsa neytrallaşdıra bilər. Buna görə də Belarus prezidenti müəyyən mənada Ankara və Bakının maraqlarını öz maraqları olaraq görür.
 
Turan Rzayev
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO