Ötən gün Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi haqqında sensasion açıqlamalar verib.
Rusiya prezidenti etiraf edib ki, Rusiya nizamlanma üçün öz variantlarını irəli sürüb:
“Ermənistan birinci müharibədən sonra Qarabağla yanaşı işğal etdiyi 7 rayona da nəzarət edirdi. Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etdik ki, iki rayon (Kəlbəcər və Laçın) və bütün Qarabağ faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı”.
Putinin səsləndirdiyi bu fikirlərlə bağlı uzun illər danışıqlar prosesində birbaşa iştirakçı olmuş sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun fikirlərini öyrəndik.
O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, Rusiya Prezidentinin səsləndirdiyi bu fikir, o zaman ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdikləri variantlardan biri idi:
MÖVZU İLƏ BAĞLI:
Putin etiraf etdi: "Kəlbəcəri və Laçını ermənilərə verəcəkdik" - VİDEO
“Amma həmsədrlərin bu təklifini təbii ki, Azərbaycan heç zaman qəbul etmirdi. Yada salaq ki, bir zamanlar problemin mərhələli həll layihəsi vardı. Bu layihə də ondan ibarət idi ki, ilkin mərhələdə Qarabağ ətrafındakı 5 rayon Azərbaycana qaytarılır.
Bundan sonra azərbaycanlılar həm bu 5 rayona, həm də ki, Qarabağdakı dədə-baba ocaqlarına dönür. Növbəti mərhələdə isə Qarabağın status məsələsi və Laçınla Kəlbəcərin Azərbaycana qaytarılması prosesi baş verməli idi.
Bu təbii ki, Minsk qrupunun təklifi idi. Lakin, Azərbaycanın mövqeyi hər zaman belə olub ki, işğal olunmuş bütün torpaqlar Azərbaycana qaytarıldıqdan və məcburi köçkünlər geri döndükdən sonra status məsələsi müzakirə edilə bilər”.
Elmar Məmmədyarov Putinin uzun müddət sonra belə bir açıqlama verməsinin səbəblərinə də aydınlıq gətirib:
“Son dövrlər Ermənistan rəhbərliyi anti-Rusiya bəyanatları verir ki, guya Moskva heç bir iş görmür. Proseslərə seyirçi qalıb. Rusiya Prezidenti də dünənki açıqlamaları ilə sübut etdi ki, ermənilərin maraqlarına uyan bir çox təkliflər olub. Lakin, Ermənistanın həm indiki, həm də ki, keçmiş rəhbərliyi bu təklifləri qəbul etməyib. Ona görə də Ermənistan bu gün çıxılmaz bir labirintə girib. Putinin dünənki fikirlərinin ünvanı Ermənistanın siyasi hakimiyyəti idi”.
Surxay Atakişiyev, Bizim.Media