Slovakiya parlamentinin sədri Ağdamda “Ağıllı kənd” layihəsi ilə tanış olub - FOTO 

Slovakiya parlamentinin sədri Ağdamda “Ağıllı kənd” layihəsi ilə tanış olub - FOTO 

Hazırda oxunan: Slovakiya parlamentinin sədri Ağdamda “Ağıllı kənd” layihəsi ilə tanış olub - FOTO 

153987

Boris Kolların rəhbərlik etdiyi Slovakiya nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizə səfəri çərçivəsində sentyabrın 6-da Ağdam rayonunun Baş Qərvənd kəndinə gəlib. 

Bizim.Media xəbər verir ki, nümayəndə heyəti kənddə Slovakiya tərəfindən həyata keçiriləcək “Smart village” – “Ağıllı kənd” layihəsi ilə tanış olub. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara ətraflı məlumat verib.

Bildirib ki, üçüncü "Ağıllı kənd" layihəsi Ağdam rayonunun Baş Qərvənd kəndində reallaşacaq. Digər əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək “ağıllı kənd” kimi bərpası nəzərdə tutulur. 

“Sözsüz ki, bu layihə də Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək. Amma burada tətbiq ediləcək “ağıllı həllər” məhz Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən reallaşdırılacaq.

Hesab edirik ki, bu da bərpa prosesində baş verən yeniliklərdən biridir. Qeyd edim ki, layihə çərçivəsində ümumilikdə ərazisi 476 hektar olan bir kəndin tamamilə yenidən qurularaq “ağıllı kənd” kimi bərpası nəzərdə tutulur. Kəndə birinci mərhələdə 5500, ikinci mərhələdə isə 1170 nəfərin köçürməsi planlaşdırılır. Kəndə əvvəlcə 915, növbəti mərhələdə isə 622 ailə köçürüləcək”, - deyə E.Hüseynov vurğulayıb. 

O əlavə edib ki, layihəyə cari ilin dekabrından başlanılması planlaşdırılır. 

Qonaqlara məlumat verilib ki, müasir dövrdə şəhər və kəndlərdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi yaşayış məntəqələrində dayanıqlı inkişafın əsas prioritetlərindəndir.  

Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “ağıllı şəhər” və “ağıllı kənd” xidmətlərinə keçidi şərtləndirir. Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Prezident İlham Əliyev 2021-ci il aprelin 19-da “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. 

Sərəncama əsasən, konsepsiyanın hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb. 

Diqqətə çatdırılıb ki, ilk belə layihənin təməli isə işğaldan azad edilmiş Zəngilan rayonunda qoyulub. 2021-ci il aprelin 26-da Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan “Ağıllı kənd” layihəsində Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak ediblər. 

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Prezident İlham Əliyevin özünəməxsus baxışı var.

Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO