“Bu gün Soçidə Putinlə Ərdoğan bir sıra taleyüklü məsələləri müzakirə edəcək. Müzakirə ediləcək məsələlərdən biri də Cənubi Qafqazdakı vəziyyətdir. Çünki, bölgədəki vəziyyət hər iki ölkəni narahat edir. Nəzərə alaq ki, həm Türkiyə, həm də Rusiya üçün Zəngəzur dəhlizinin açılması çox vacibdir. Bu eyni zamanda region ölkələri üçün həyati bir məsələdir. Ona görə də Zəngəzur dəhlizi əsas müzakirə predmetlərindən biridir”.
Bu fikirləri Rusiya və Türkiyə liderlərinin Soçi görüşünü Bizim.Media üçün şərh edən sabiq xarici işlər naziri Elmar Məmmədyarov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənilər yardımdan imtina etsə, yalanları bütün dünyaya aydın olacaq” – Elmar Məmmədyarov
O bildirib ki, müzakirə mövzusu olan digər bir məsələ “Taxıl sazişi”dir:
“Taxıl sazişi” təkcə Rusiya və Ukrayna üçün yox, bütün dünya üçün vacib məsələdir. Təsadüfi deyil ki, BMT də bu məsələyə hər zaman aktiv şəkildə qoşulur. Doğrudur, Rusiya çalışır ki, “Taxıl sazişi” hesabına sanksiyaların yumşaldılmasına nail olsun. Amma Qərb buna getmək istəmir. Ümid edək ki, Soçidə “Taxıl sazişi”nin yenidən qüvvəyə minməsi üçün umumi razılıq əldə olunacaq.
Bu məsələdə təkcə Ankara, Moskva və Kiyev yox, dünyanın bütün güc mərkəzləri maraqlıdır.
Hətta bütün sanksiyalara rəğmən Qərb “Taxıl sazişi”nin yenidən qüvvəyə minməsini istəyir. Ona görə də Soçi görüşündən bır sıra məsələlərlə bağlı, o cümlədən də “Taxıl sazişi” ilə bağlı vacib razılaşmaların olacağı gözlənilir”.
Surxay Atakişiyev, Bizim.Media