Xəbər verdiyimiz kimi, Ağ Partiya bu gün Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslının fikirlərini öyrəndik.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, avqustun 24-də yenidən Ədliyyə Nazirliyinə müraciət ediblər:
MÖVZU İLƏ BAĞLI:
Tural Abbaslının partiyası qeydiyyatdan KEÇDİ
“Bildiyiniz kimi, birinci müraciətimizdə Nazirliyin bizim partiyanın bəzi sənədlərinə iradı olmuşdu. Doğrudur, Ədliyyə Nazirliyi bizim partiya üzvlərindən 4800 nəfərin sənədinin doğruluğunu təsdiq eləmişdi. Amma müəyyən nöqsanlar da vardı. Ona görə də bütün iradların üzərində yenidən işlədik. Partiya üzvləri arasında dəqiqləşdirmə apardıq. 5 mindən artıq insana zəng elədik. Bütün iradları aradan qaldırdıq. Və bu gün də Ədliyyə Nazirliyindən rəsmi məktub aldıq ki, Ağ Partiya qanunamüvafiq reyestr təqdim etdiyi üçün dövlət qeydiyyatından keçib. Çox sevinirik”.
Tural Abbaslı bir məqama da toxunub:
“İllərin partiyaları var ki, qeydiyyat məsələsində xeyli çətinlik çəkdilər. Ağ Partiyanın ölkədə ikinci güclü siyasi partiya olması heç kimdə şübhə doğurmur. Bunu partiya öz siyasi xətti, nüfuzlu üzvləri və vətəndaş cəmiyyətindəki aktivliyi ilə qazanıb. Baxmayaraq ki, bəzi partiya rəhbərləri bu faktı qəbul eləmir. Çünki, uzun illər köhnə metodlarla işləyiblər, yeniliklərə açıq olmayıblar, insanların ümidlərini qırıblar.
Çox təəssüf ki, müxalifət meydanında konkret bir inhisarçılıq vardı. Biz Ağ Partiya olaraq bu sterotipləri qırdıq.
Baxmayaraq ki, həmin qüvvələr bizi yenə də qəbullanmaq istəmirlər. Amma fakt ortadadır. Hansı partiya Ədliyyə Nazirliyinə hansı rəqəmləri verdiyini hər kəs bilir. Kim Ədliyyə Nazirliyinin qərarından narazıdırsa, açıb göstərsin. Biz də görək ki, nədən narazıdır. Hansı partiyanın bizə qarşı iddiası varsa, buyursun faktları ortaya qoysun”.
Surxay Atakişiyev, Bizim.Media