Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Xəbər verdiyimiz kimi, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı sonrakı məlumatda isə deyilir ki, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.
Bizim.Media-ya açıqlama verən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, sərhəddə ermənilər tərəfindən həyata keçirilən son atəşkəs pozuntuları Ermənistandan kənarda idarə edilən hadisələrdən qaynaqlanır:
MÖVZU İLƏ BAĞLI:
Ermənilərin təxribatı nəticəsində hərbçimiz YARALANDI
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını hökumət başçısı səviyyəsində bəyan edib. Belə olan halda, sərhəddə ermənilər tərəfindən həyata keçirilən atəşkəs pozulması Ermənistandan kənarda tüğyan edən hadisələrin uzantısıdır. Son zamanlar Fransa, İran və Rusiya tərəfindən müəyyən təxribat xarakterli addımların atıldığının şahidi oluruq.
Məsələ ondadır ki, Azərbaycan müharibənin nəticəsi olaraq Qarabağda yeni geosiyasi reallıqlar yaranıb. Azərbaycan Qarabağ məsələsini artıq həllini tapmış bir məsələ kimi xarakterizə etdiyi halda, Cənubi Qafqazda mövqeləri toqquşan bir sıra dövlətlər yaranmış vəziyyətlə barışa bilmir. Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul etməyən güclər İrəvanı, separatçı qüvvələri idarə etməklə yenə də ölkəmizə qarşı təxribat aparmaqda davam edirlər.
Ermənistan marionet dövlətdir. O kənardan idarə olunur. Nə Ermənistan, nə də Qarabağda qanunsuz yerləşən silahlı tör-töküntülər Azərbaycan Ordusu qarşısında tab gətirə bilməz.
Lokal və total döyüş əməliyyatları başlayarsa, ermənilər 44 günlük savaşda aldıqları zərbədən dəfələrlə çox zərbə alacaq və bu ümumi kontekstdə Qarabağ məsələsinin birmənalı şəkildə həllilə nəticələnəcək. Ermənilərin Kəlbəcər və digər ərazilərdə törətdikləri təxribatların heç bir nəticəsi olmayacaq. Ermənilər bu təxribatların cavabını alacaqlar”.
Rüfət Sultan, Bizim.Media