Öz gözündə görmədiyi “TIR”ı Laçın yolunda axtaran FRANSA – TƏHLİL 

Öz gözündə görmədiyi “TIR”ı Laçın yolunda axtaran FRANSA – TƏHLİL 

Hazırda oxunan: Öz gözündə görmədiyi “TIR”ı Laçın yolunda axtaran FRANSA – TƏHLİL 

153032

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndidəki ermənilərə göndərdiyi humanitar yardım 2 gündür ki, Ağdam-Əsgərən yolunda qalıb. Separatçılar birmənalı şəkildə yardımın qəbuluna imkan vermirlər. 

Bu da onu göstərir ki, separatçıların və onların havadarlarının Xankəndidəki göstərdikləri şou humanitar yox, siyasi məqsəd daşıyır. Yəni Xankəndidə heç bir humanitar böhran yaşanmır. Belə olsa idi, ermənilər Azərbaycanın təklif etdiyi yardımı qəbul edərdi.

Və yaxud Ermənistanın tədarük etdiyi və “Laçın” sərhəd-keçid məntəqəsi yaxınlığında bir aydan artıq müddətdə yatıb qalan TIR-ların Ağdam-Əsgəran yolu ilə Xankəndinə çatdırılmasında razı gəlinərdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Makronun TIR şousu Ermənistanda – VİDEO 


Deməli, dava çörək yox, siyasi ambisiyaların davasıdır. Ən əsası bu ambisiyada ermənilər və onların maraqları görünmür.

“Humanitar böhran” layihəsi daha çox hansı dövlətlərin işinə yarayır?

“Humanitar böhran” əslində Qərbin layihəsidir. Ermənilər sadəcə bu layihənin icraçılarıdır. Ona görə də səriştəsiz erməni siyasətçiləri prosesin gedişində tez-tez açıq verirlər. Çünki, ermənilər artistlik etsələr də əsl oyunçu deyillər. Ermənilər dublyorsuz oynaya bilmirlər. İndiki məqamda ermənilərin əsas dublyoru Fransadır. 

Bu dövlət türkçülüyə olan patoloji nifrət səbəbilə ermənilərin həm Azərbaycan, həm də Türkiyə ilə normal münasibət qurmasını istəmir. Hər zaman başqaların kölgəsində yatan erməni ultramillətçiləri, onların xaricdəki diasporları da Fransa və digər ölkələrin bu bəd niyyətlərindən faydalanmağa çalışıblar. 
Yəni bu gün “humanitar böhran” və digər layihələr Ermənistanın nə dövlət, nə də milli maraqlarına uyğun gəlmir. Di gəl ki, rəsmi İrəvan öz qərarlarında müstəqil deyil. Daha çox xarici güclərdən asılıdır. Ona görə də Ermənistan höküməti və Xankəndidəki qurama rejim bəzi beynəlxlaq güclərin əlində alətə çevrilib.

Fransa nə istəyir?

Fransa hər nə olsa da qədim və böyük dövlətdir. Və uzun dövlətçilik tarixinə malikdir. Bu gün Yelisey Sarayında oturanların hamısını ağılsız və ermənipərəst hesab etmək olmaz. Yelisey Sarayındakı “beyin mərkəzi” Cənubi Qafqazda qurduqları oyunlarla əslində Azərbaycana yox, Türkiyəyə mesajlar verir.

Çünki, Osmanlı İmperiyası dağılandan sonra Qərb, xüsusən də Fransa osmanlıların nəzarət etdiyi bir çox əraziləri, o cümlədən Yaxın Şərqi və Afrikanı öz nəzarət zonasına keçirdi. Artıq 100 ildir ki, Qərb həmin ölkələrin maddi-mənəvi sərvətlərini talayıb aparır. 

Lakin, son 20 ildə Türkiyə həm Afrikada, həm də Yaxın Şərqdə itirilmiş nüfuzunu geri qaytarmaq üçün mübarizəyə başlayıb.

Və rəsmi Ankara addım-adım öz məqsədlərinə yaxınlaşır. Qərbin, həmçinin Fransanın Afrikada və Yaxın Şərqdə türklər tərəfindən sıxışdırılmasıyla Yelisey Sarayında oturanlar təbii ki, barışmaq istəmirlər. 

Üstəlik, Türkiyə keçmiş SSRİ-nin tabeçiliyində olan 5 türk dövləti ilə iqtisadi-siyasi əlaqələrini günbəgün genişləndirir. Halbuki, SSRİ dağılandan sonra Qərb istəyirdi ki, hər 5 türk dövlətini öz təsiri altına salsın.

Bu niyyətin reallaşmasına uzun illər Rusiya imkan vermədi. Son bir neçə ildə siyasi və iqtisadi cəhətdən zəifləyən Rusiya bu dövlətlər üzərində təsir imkanlarını itirib. 

Təsadüfi deyil ki, son 5 ildə 6 türk dövlətləri arasında siyasi-iqtisadi əlaqlər qibtəolunacaq sürətlə inkişaf edir. Bu isə Qərbi və Fransanı ciddi narahat edir. Ona görə də Qərb Azərbaycana təzyiqlərini günbəgün artırır. Çünki, türk dünyasının birliyində əsas oyunçu və körpü Azərbaycandır.

Fransa öz “yardımlarını” niyə Azərbaycan yox, Ermənistan üzərindən edir?

Fransa Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarının tanımış bir ölkədir. Ona görə də Fransa üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Əgər Fransa Qarabağdakı ermənilərə yardım edirsə bunun üçün rəsmi İrəvanla yox, rəsmi Bakı ilə danışıq aparmalıdır.

Lakin, rəsmi Paris bunu etmir. Çünki, fransız siyasilərə ermənilərin rifah halının yaxşılaşması yox, ermənilərin qırılması lazımdır. Yalnız bu halda Qərb və Fransa Azərbaycanın üzərinə basqı yapa bilər. 
Təbii ki, Azərbaycan da bu məkrli oyunlardan məlumatlıdır. Ona görə də humanitar yük 2 gündür ki, öz sahiblərini gözləyir. İndiki vəziyyətdə separatçılar və Ermənistandakı bəzi siyasi qüvvələr yardımın çatdırılmasına əngəl olmağa çalışır.

Çünki, humanitar yardım ermənilərə çatsa, onda ermənilərlə Azərbaycan arasında reinteqrasiya de-fakto başlayacaq. Bunu isə nə Qərb, nə də ki, Rusiya istəmir. 

Amma gec-tez bu proses baş verəcək. Bu məsələdə ikinci variant yoxdur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO