Ann Lindedən separatçılara dəstək - ATƏT Qarabağda münaqişəni qızışdırmaq istəyir?  

Ann Lindedən separatçılara dəstək - ATƏT Qarabağda münaqişəni qızışdırmaq istəyir?  

Hazırda oxunan: Ann Lindedən separatçılara dəstək - ATƏT Qarabağda münaqişəni qızışdırmaq istəyir?  

15238

Ann Lindenin Bakı səfərindən sonra İrəvana yollanması məntiqi ardıcıllıq idi. Amma ATƏT sədrinin separatçı rejimin istənilən “rəsmi”si ilə görüşü özbaşınalığa dəstəkdən başqa bir şey deyil.

Bizim.Media xəbər verir ki, Ann Linde Ermənistanın baş naziri Nikol Paşinyan və İrəvanın XİN rəhbəri Ara Ayvazyanla görüşlərdən sonra “Artsax” adlı qondarma rejimi təmsil edən David Babayanla da görüşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT sədrinin Azərbaycana səfərinin GİZLİ MƏQAMLARI  


Qeyd edək ki, ötən ilin dekabrında bölgəyə səfər edən ATƏT-in Minsk qrupu həmsədrləri separatçı rejimin “nümayəndələri”nə baş çəkməyib, onlarla hər hansı bir müzakirə aparmayıblar.

Amma yeni ATƏT sədrinin regiona ilk səfərində bu tip təhrikedici və qanunsuz davranış sərgiləməsi Avropanın təhlükəsizlik təşkilatının təhlükəli planlarından xəbər verir. 

Başqa cür yozsaq, Azərbaycan Prezidentinin Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərinin dəyişmədiyi və artıq heç bir konfliktin olmadığı mövqeyində dayanması Ann Lindeni qane etməyə də bilər.

Çünki ölkə başçısı avropalı xanıma siyasi nəzakətlə bildirmişdi ki, münaqişə yoxdur və ATƏT region ölkələri arasında qarşılıqlı əməkdaşlığa töhfə vermək istəyirsə, buyursun.

Ann Lindenin separatçı rejimin qondarma rəsmiləri ilə görüşməsini “ATƏT-in kini” də adlandırmaq olar. 

ATƏT-in yeni savaş qıcıqlandırmaları ilə bağlı mətbuata açıqlama verən millət vəkili Elman Nəsirov bidirib ki, ATƏT və onun Minsk Qrupu üzərinə düşən missiyanı 28 il ərzində yerinə yetirə bilmədi, yaxud da yerinə yetirmək istəmədi: 
 

“Artıq tarixə çevrilmiş münaqişənin həllini nəinki reallaşdıra bilmədi, bir çox hallarda məhz onlar həll prosesinə mane oldular. Minsk Qrupu dişsiz addımları, ünvansız bəyanatları ilə hətta işğalçının tərəfini tutmaqla prosesi uzatdı.


Ötən il Vətən müharibəsi dövründə isə Minsk Qrupunun həmsədrlərinin, xüsusən də Fransanın davranışı onu göstərdi ki, bu formatda olan vasitəçilərlə Qarabağ münaqişəsi həllini tapa bilməzdi və tapmadı. 

Ona görə də müharibə qaçılmaz oldu və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz Qarabağ münaqişəsini həll etdi. İndi də siyasi yolla həllini gözləyən digər məsələlər həll edilir.

İlk növbədə Ermənistanla kommunikasiyaların bərpası istiqamətində ciddi işlər gedir. Bütün bu reallıqlar fonunda ATƏT-in fəaliyyətdə olan sədrinin artıq tarixin zibilliyinə atılmış qondarma rejimin ”xarici işlər naziri" ilə görüş keçirməsi, sanki legitim tərəf kimi onunla danışıqlar aparması tamamilə yanlış yanaşmadır, hazırda gedən prosesə zərbədir.
 

Bu onu göstərir ki, ATƏT yenə də münaqişənin olmasında maraqlıdır. Əks təqdirdə, ATƏT sədri yeni problem yarada bilən addıma getməzdi.


Yeri gəlmişkən, Prezident İlham Əliyev ATƏT-in sədri Lindeni Bakıda qəbul etmişdi və görüşdə  bir daha bəyan etmişdi ki, Qarabağ münaqişəsi artıq bitib, tarixə çevrilib, yeni reallıqlar formalaşıb, indiki reallıqlarda isə biz ilk növbədə nəqliyyat kommunikasiyalarının bərpası istiqamətində addımlar atırıq, yalnız əməkdaşlıq mühiti bütün regionun təhlükəsiz gələcəyini təmin edə bilər.

Təəssüf ki, ATƏT-in sədri bütün bunlardan sonra separatçı ilə görüş keçirib. Bu, qəbuledilməzdir, sülhə xidmət etmir, indiki siyasi tənzimləmə proseslərinə mane olan addımdır".

Digər siyasi analitiklərin də fikrincə, ATƏT-in rəhbərliyi bilməlidir ki, görüşlər və danışıqlar ancaq Azərbaycanın və Ermənistanın rəhbərliyi ilə aparılmalıdır. Bölgənin indiki həssas dönəmində Ann Lindenin belə bir addım atması çox mətləblərdən xəbər verir. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO