Son illər Azərbaycanla Özbəkistan arasında əlaqələr sürətlə inkişaf edir. Dövlət başçılarının qarşlıqlı səfərləri isə təbii ki, bu münasibətin bütün sahələrdə dərinləşməsində mühüm rolu oynayır.
Özbəkistanla Azərbaycanın tarixən sıx və mehriban dostluq əlaqələri olub.
Sovetlər dövründə Azərbaycanla ən isti münasibət saxlayan özbəklər idi. O zamanlar iki qardaş xalq arasında qız alıb, qız vermək adi hal idi.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Özbəkistan prezidentləri xanımları ilə Şuşaya SƏFƏR ETDİLƏR - YENİLƏNİB - FOTO
Azərbaycanlıların ən çox səfər etdikləri türk respublikası da Özbəkistan idi. Ən maraqlısı da odur ki, özbəklər türk xalqları arasında daha çox Azərbaycanlıları sevirlər.
Lakin, son 30 ildə Özbəkistanın siyasi rəhbərliyinin eqosu üzündən özbəklər Azərbaycanlılara öz sevgilərini tam ifadə edə bilməyiblər. 2018-ci ildən sonra isə bu sevgi çox gur alovlanıb. İndi hər bir özbək ailəsi daha öncə Azərbaycanı ziyarət etmək istəyir.
Özbəklər Azərbaycan mədəniyyətindən hər zaman qidalanıblar
Etiraf etmək lazımdır ki, milli musiqimizi və ədəbiyyatımızı özbəklər bizi qədər sevirlər. Füzulini, Nəsimini çox gözəl bilirlər. Özbək ədəbi cameəsinin nümayəndələri hər zaman etiraf ediblər ki, qazandıqları ədəbi-mədəni uğurlara görə azərbaycanlılara minnətdardırlar. “Molla Nəsrəddin” jurnalı zamanında Özbəkistanda böyük oyanış edib. 100 il qabaq bu jurnal Səmərqəndin, Buxaranın Daşkəndin küçələrində əl-əl gəzirdi.
Azərbaycan memarlığı Özbəkistan abidələrində
Özbəklər Azərbaycanın memarlıq incilərindən hər zaman bəhrələniblər. Səmərqənd, Xivə, Buxara kimi şəhərlərdə Azərbaycan memarlığının nümunələri göz bəbəyi kimi qorunub, saxlanılır. Ən əsası özbəklər bunu şüurlu surətdə edirlər.
Səmərqəndə diqqət etsək sanki qədim Azərbaycan şəhərində gəzdiyini zənn edirsən. Sanki qədim Təbrizdir, qədim Şirvandır. Bu da onunla bağlıdır ki, bu şəhərlər vaxtilə Əmir Teymurun Azərbaycandan apardığı yüzlərlə ailənin yaşadığı ulu yerlərdir.
Azərbaycan musiqisi özbəklər üçün mənəvi qidadır
Azərbaycan müsiqisi Özbəkistanda ən çox dinlənilən musiqilər arasındadır. Bütün toylarda Azərbaycan musiqiləri çalınır. Günün bu günündə Zeynəb Xanlarova onların ən sevimli müğənnisidir. Onlar bizim dilimizi təkcə sevmir, həm də çox gözəl bilirlər. Xalq musiqisi bir yana Azərbaycan meyxanaları orada dillər əzbəridir. Küçədə, avtomobildə, restoranlarda ən çox Azərbaycan musiqisi səslənir. Bir sözlə, özbəklər bizi bizim təsəvvür etmədiyimiz qədər çox sevirlər.
Ermənistanda səfirliyi olmayan MDB ölkəsi
Özbəklər hər zaman azərbaycanlıların yanında olublar. Tək bir faktı deyək ki, Özbəkistan Ermənistanda səfirlik açmayan yeganə MDB ölkəsidir. Heç kimə sirr deyil ki, əksər ölkələrdə olduğu kimi bir çox türk dövlətlərində güclü erməni diasporası var. Amma Özbəkistanda hər hansı bir erməni aktivliyinə rast gəlmək mümkün deyil. Ən nəhayət, Özbəkistan parlamentində bir dənə də olsun erməni yoxdur.
Azərbaycanlılar da özbəklərə hər zaman qucaq açıblar
Ötən əsrdə Daşkənddə baş verən dəhşətli zəlzələdən sonra ilk yardıma yetən Azərbaycanlılar olmuşdu. Burada o zaman Azərbaycanın hesabına böyük yaşayış məntəqəsi inşa edilib.
Fərqanə hadisələrində baş vermiş faciənin miqyasının böyüməməsində də Azərbaycanlıların əməyi böyük oldu. Bir sözlə özbək-Azərbaycan qardaşlığı yüz illərin sınağından keçib. Bu günsə bu qardaşlıq yeni müstəvidə, yeni əsaslarla və daha dərin özüllər üzərində inkişaf etdirilir.
Təsadüfi deyil ki, son illər Özbəkistanla Azərbaycan arasında bütün sahələrdə əlaqələr dərinləşir. Tək bir faktı deyək ki, son 10 ildə iki ölkə arasındakı iqtisadi əlaqələrin həcmi 12 dəfə artıb. Təbii ki, iqtisadi-siyasi və mədəni əlaqələrin dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolu var.
İki liderin birgə səyləri nəticəsində Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha yüksəklərə qaldırılması üçün davamlı iş aparılır. Özbəkistan Prezidentinin avqustun 22-də Azərbaycana 2 günlük səfəri, Bakıda aparılan müzakirələr, Qarabağdakı təmaslar və fkir birliyi sübut edir ki, ən yaxın illərdə Azərbaycanla Özbəkistan arasındakı münasibətlər qibtəediləcək səviyyəyə çatacaq.
Surxay Atakişiyev, Bizim.Media