Azərbaycanın Qafqazada yaratdığı yeni düzən – Qarabağ savaşı bölgədəki güc nisbətini dəyişir

Azərbaycanın Qafqazada yaratdığı yeni düzən – Qarabağ savaşı bölgədəki güc nisbətini dəyişir

Hazırda oxunan: Azərbaycanın Qafqazada yaratdığı yeni düzən – Qarabağ savaşı bölgədəki güc nisbətini dəyişir

1510

Azərbaycan ordusu işğalçı Ermənistana qarşı apardığı azadlıq müharibəsi ilə həm də Cənubi Qafqazda yeni düzənin yaranmasına nail olur. Bölgəmizdə mövcud olan əvvəlki düzəndə regiona bir nömrəli təsir gücünə malik ölkə qismində Rusiya çıxış edirdi. Bu birmənalı idi, bölgədə heç bir proses Rusiyanın marağından kənar baş vermirdi. Ermənistanın Rusiyanın forpostu olması da bölgədə Rusiyanın mövqelərinin möhkəmlənməsinə xidmət edirdi.

Ancaq indi yeni düzən yaranıb. Bölgəmizdə formalaşan yeni düzənin əsas siyasi və hərbi atributları nə ola bilər? Birincisi, əvvəlki dönəmdə Ermənistanın işğalı nəticəsində bu ərazilər nəzarətsiz zonaya çevrilmişdi. Qarabağ nəzarətsiz zonaya çevrildiyindən işğal edilmiş torpaqlarımız qaçaqmalçılar, silah, narkotik alverçiləri üçün münbit ərazi mahiyyətində idi. Hətta ərazi terrorçular, qanunsuz silahlı birləşmələrin fəaliyyəti  üçün də münbit idi. Deməli, yeni düzənə qədər işğal altındakı torpaqlarımız dünya ölkələrini təhlükə altına alan tendensiyalar, terrorçular üçün yuva rolunda çıxış edirdi.

Yaranan yeni düzən fonunda isə avtomatik olaraq bu təhlükəli tendensiyalar da aradan qaldırılır. Azərbaycan Ordusu döyüşə-döyüşə İranla sərhəd ərazilərə nəzarəti bərpa etməklə, işğalçını məğlub etməklə yanaşı, onun dəstəklədiyi qaçaqmalçıların, silah, narkotik alverçilərinin, xüsusən də terrorçuların mövqelərinə də güclü zərbə vurmuş oldu.  Daha həmin beynəlxalq kriminal mafiya bu ərazilərdən öz çirkin niyyətləri üçün istifadə edə bilməyəcək. Bu mənada açıq şəkildə demək olar ki, regionumuz müasir dövrdə insanlıq və bəşəriyyət üçün ən ciddi bəla olan terrorçuluqdan, terrorçulardan təmizlənir.

Digər tərəfdən, Azərbaycanın əldə etdiyi qələbə və bunun sayəsində bölgədə yeni düzən yaratması işğala meyilli bütün ölkələr üçün də bir siqnaldır. İşğalçı dövlətlər bu fonda anladılar ki, Azərbaycanla güc və yaxud hədə-qurxu müstəvisində deyil, ancaq bərabər şəkildə, qarşılıqlı fayda müstəvisində danışmaq olar. Əks halda, heç bir kənar ölkə bölgəmizdə hansısa uğura imza ata bilməz.

Bu günə qədər bölgədə əsas güc mərkəzi rolunda Rusiya çıxış edirdi. Bölgə ölkələri bu və ya digər dərəcədə onun istəklərinə cavab verən siyasət yürütməli olurdu. Rusiya bir sözlə, burada Azərbaycanın yaratdığı yenə düzənə qədər tam və demək olar ki, yeganə hegomon idi. İndiki halda isə  bunu söyləmək olmaz.

Qardaş Türkiyə baş verən prosesdə tutduğu mövqe ilə regionumuzda mövqeyini  və çəkisini artırıb. Düzdür, bunu istəməyən qüvvələr var, ancaq onların nə istəyib-istəməməsindən asılı olmayaraq, mövcud reallıq budur ki, Türkiyə bölgədə əsas söz sahibinə çevrilib. İndi Cənubi Qafqazda heç bir məsələ Ankaranın razılığı və iştirakı olmadan baş tutmayacaq. Yeni düzən bölgə ölkəsi olaraq Azərbaycanın beynəlxalq miqyasda nüfuzu daha da artacaq. Zatən, bölgənin 3 dövləti arasında əsas güc mərkəzi qismində məhz Azərbaycan çıxış edirdi. Ancaq Ordumuzun yaratdığı yeni düzən nəticəsində Azərbaycanın çəkisi daha da yüksələcək.

Yeni düzən bölgədəki hərbi güc nisbətini də dəyişir. Birincisi, Azərbaycan Ordusunun güclü, peşəkar, məğlubedilməz olduğu barədə bu günə qədər sözdə deyilənlər əməldə öz təsdiqini tapdı. İkincisi, Ankaranın ölkəmizə dəstəyi fonunda əvvəllər yalnız fikir olaraq gündəmə daşınan Türkiyə-Azərbaycan hərbi ittifaqının baş tutması daha realdır.  Əvvəlki illərdə bir sıra xarici amillər bu hərbi birliyin gerçəkləşməsinə əngəl olurdusa, artıq heç kim heç vəchlə bu perspektivin reallaşmasını əngəlləyə bilməz. Mümkündür ki, hərbi əməliyaytlar bitəndən, münaqişə öz məntiqi sonluğuna çatandan sonra belə bir hərbi birlik tam olaraq reallaşsın.

Azərbaycanın yaratdığı yeni düzən türk dünyasının daha sıx birliyinə gətirib çıxara bilər. Bu vaxta qədər ancaq Türkiyə ilə Azərbaycan bu birlikdə aktiv idilər. Digərləri - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, bu məsələdə passiv mövqe sərgiləyir, Türkmənistan isə ümumiyyətlə yaxın durmaq istəmirdi. Ancaq yeni düzən onları da sözügedən birlikdə aktiv olmağa vadar edə bilər.

Yaranan yeni düzəndə Rusiyanın patronajlığında olan Kollektiv Təhlükəsizlik Müqaaviləsi Təşkilatının (KTMT) bölgədəki mövqeləri sarsıla bilər. Belə ki, müharibədə məğlub olan Ermənistan Rusiyanın ona yardım etmədiyini, tək buraxdığını bəhanə gətirməklə həmin hərbi qurumdan çıxmaq yolunu tuta bilər. Bu isə Rusiyanın Cənubi Qafqazda yeganə olaraq qaldığı Ermənistandakı mövqelərini daha da sarsıdacaq.  Belədə, Qərb dünyası günü-gündən zəifləyən Ermənistanı Moskvanın nəzarətindən çıxara bilər.

Yeni siyasi düzən Cənubi Qafqaza başlıcası sülh gətirəcək, özü də bu sülh uzunmüddətli ola bilər. Həmçinin, bölgə uğrunda dünya gücləri daha hərbi müstəvidə deyil (onu bir müddət arxa plana keçirməli olacaqlar), iqtisadi müstəvidə mübarizəyə girişəcəklər. Yaranmış proses bölgəmizə daha böyük həcmdə investisiya, kapital axınına rəvac verəcək.

Elçin, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO