“Güman edirəm ki, BMT-nin Təhlükəsizlik Şurasında müzakirələr olacaq. Faktlar, mövqelər səsləndiriləcək. Və sonda həmişə olduğu kimi Təhlükəsizlik Şurasının sədri bəyanat verəcək. Bəyanatda çağırış olacaq ki, hər iki yolun istifadəsi məqbul sayılsın. Bu da əslində daha çox Azərbaycanın maraqlarına xidmət edəcək”.
Bunu sabah BMT-nin TŞ-də ermənilərin müraciətinin müzakirəsinin yekunları barədə Bizim.Media-ya proqnoz verən sabiq Xarici İçlər naziri Tofiq Zülfüqarov deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın daimi nümayəndəsi BMT TŞ-nin iclasında iştirak edəcək
O bildirib ki, bu məsələnin qətnamənin qəbul edilməsi səviyyəsinə çıxarılması da sual altındadır:
“Çünki, ermənilərin iddialarında məntiq yoxdur. Azərbaycan 2 dəhliz təklif edir. Ermənilərsə ancaq Laçın dəhlizinin işləməsini istəyirlər. Ona görə də hansısa qətnamənin qəbul ediləcəyini gözləmirəm. Amma sədrin bəyanatını gözləyirəm.Bu məsələdə TŞ üzvləri arasındakı fikir ayrılığı da əsas amildir. Məsələn, Fransanın indiki istəyi ondan ibarətdir ki, Rusiya sülhməramlıları Qarabağda beynəlxalq mandat qazansın.Lakin, ABŞ Fransanın bu istəyinin qəti əleyhinədir. Çünki, Vaşinqton Rusiyanın o bölgədən getməsini istəyir. Ona görə də sabahkı müzakirələrdə TŞ üzvləri arasında konsensusun əldə ediləcəyi ağlabatan deyil”.
Tofiq Zülfüqarov Qərbin bu məsələdəki canfəşanlağından da danışıb:
“Ermənilər və onların havadarları iddia edirlər ki, Qarabağda humanitar fəlakət var. Halbuki, Azərbaycan humanitar yüklərin daşınması üçün iki yol təklif edir. Bunlardan biri yüklərin daşınması üçün Ağdam-Xankəndi, digəri isə insanların daşınması üçün Laçın-Xankəndi yoludur. Burda məntiq ondan ibarətdir ki, Ağdamdan Xankəndinə təkcə avtomobil yox, həm də dəmir yolu var. Bu da yüklərin daha tez və böyük həcmdə daşınmasına imkan verir.Bu dəhliz həm də sülhməramlıların təminatı və təchizatı üçün də çox əlverişlidir.
Qərbdə çox yaxşı başa düşürlər ki, sülhməramlıların təminatı Azərbaycan ərazisindən olsa onda bu Rusiyanın imkanları daha da genişlənəcək. Ona görə də Qərb həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına uyğun olan Ağdam-Xankəndi yolunun açılmasını istəmir”.
Surxay Atakişiyev, Bizim.Media