“Milli Cəbhə Partiyası real üzvü və real gücü olan bir partiyadır. Partiyanın bütün strukturları işləyir. Ona görə də elə bir narahatlığımız yoxdur”.
Bunu Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat müraciətinə mənfi cavab verilən MCP-nin sədri Razi Nurullayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Razi Nurullayevin partiyasının qeydiyyatına Ədliyyə Nazirliyindən MƏNFİ CAVAB
O bildirib ki, Ədliyyə Nazirliyi çox çətin bir işin icrasını həyata keçirir:
“Hər bir partiyanın ən azı 5 min nəfər üzvü ilə əlaqə saxlayıb, dəqiqləşdirmə aparmaq əslində çox çətin bir işdir. Yəqin ki, Nazirlik bu işə yüzlərlə könüllü cəlb edib ki, bu işi aparsınlar. Bu mənada mənim Nazirliyə qarşı heç bir iddiam yoxdur. Doğrudur, çox istərdik ki, çətinliyə düşmədən elə ilk mərhələdəcə qeydiyyatdan keçək. Olsun. Belə də problem yoxdur.
Mən düşünürəm ki, bu vaxtadək üzvləri araşdırılan partiyalar arasında ən yaxşı vəziyyətdə olan partiyalardan biri də MCP-dir. Ədliyyə Nazirliyinin qənaətinə görə bizim partiyanın 3500 nəfər həqiqi üzvü var. Biz cəmi 5300 nəfərin siyahısını təqdim etmişdik. Di gəlki, elə partiyalar var ki, 8 min, 11 min partiya üzvünün olması barədə arayış verib. Bu qədər saydan vur-tut 1500-2000 üzvü doğru çıxıb. Bizim 5300 üzvümüzdən Nazirliyin dediyi kimi 3500 nəfərində problem yoxdur. Belə götürəndə 4500-ə yaxın real üzvümüz var. Biz yaxın zamanda bu məsələni həll edəcəyik”.
Razi Nurullayev onu da qeyd edib ki, bu siyasi partiyalar üçün bir şokterapiyadır:
“Artıq hər kəs gücünü biləcək. Üzvlük məsələsi daha şəffaf həll olunur. Çünki, bəzi partiyalar iddia edirdilər ki, onların 100 min, 200 min üzvləri var. Ola bilsin ki, SSRİ dağılandan sonra insanlar kütləvi şəkildə başqa partiyalara üzv olmuşdular. Amma bu o demək deyil ki, o üzvlərin hamısı hələ də o partiyaların üzvləridir. Bu mənada bu saf-çürük etmə bütün siyasi partiyalar üçün maraqlıdır. Bir ay vaxtımız var. İnanıram ki, Ədliyyə Nazirliyində ilk qeydiyyata alınan partiyalardan biri də MCP olacaq”.
Surxay Atakişiyev, Bizim.Media