Vikipediya informasiya müharibəsində əsas silahlardandır. Nəhəng açıq elektron kitabı olan və dünyanın hər yerindən milyonlarla insanın daxil olduğu bu sistem əlçatanlığı ilə seçilən internet resursudur.
Zaman-zaman Vikipediyada Azərbaycanla bağlı yanlış məlumatlar yer alır. Ölkəmizin tarixi, tanınmış şəxsiyyətləri, coğrafi yer adları, bölgələri və sair məsələlərlə bağlı təhrif olunmuş məlumatlar yayılıb.
Üstəlik bu məlumatlar Azərbaycan dilində yerləşdirilir. Sanki Azərbaycanı istəməyən qüvvələr tərəfindən bilərəkdən tariximiz saxtalaşdırılır və əsl reallıqlar kölgəyə alınır. Bu isə təhsil səviyyəsi aşağı olanları çaşdırır.
Bu günlərdə Vikipediyada vacib məlumatla bağlı axtarışımız zamanı “Şablon: Tarixi erməni əyalətləri” başlıqlı məlumata rast gəldik.
Əsası olmayan başlığa köklənərək yerləşdirilən məlumatın içərisini tək-tək vərəqləməyə başladıq.
Tarixən böyük Ermənistan xülyası ilə yaşayan və bu gün də yuxuları ərşə çəkilən Ermənistan tarixi barədə doğma dilimizdə saxta informasiyalarla tanış olduq. Hansı ki, daşnakların daha bir izi olması istisna olunmur. Yerləşdirmədəki keçidləri vərəqlədikcə, hansısa “gizli əl”-in doğru olmayan və heç bir mənbəyə istinad etmədən necə məharətlə fəaliyyət göstərdiyinə əmin olduq.
Əslində buna bənzər fakt və problemlər illərdir ki, var. Amma qarşısı alınırmı? Məsələ hüquqi yollarla tənzimlənirmi? Belə məlumatlara filter qoymaq mümkündürmü?
Məlum suallarımızı “Vikipediya” mütəxəssisi, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürkə ünvanladıq.
MÖVZU İLƏ BAĞLI:
“Daşnak ideologiyası erməni xalqının faciəsidir” – Politoloq şərh edir
Ekspert Bizim.Media-ya açıqlamasında "Vikipediya" saytının hamının redaktə edə biləcəyi açıq platforma olduğunu bildirdi:
“Vikipediya açıq internet resursudur. Yəni, açıq ensiklopediya olduğu üçün istənilən şəxs redaktə edə bilər.
Bəzən hansısa məqalə üzərində vandalizm, barbarlıq əlamətləri müşahidə olunduğu zaman, həmin məqalə idarəçilər tərəfindən mühafizə olunur. Təbii ki, ilk öncə qaydalar çərçivəsində olmalıdır.
Bir zamanlar Azərbaycan tarixi ilə bağlı yaradılan məqalələrdə boşluqlar var. Tədricən onlar “viki” icmanın fəal üzvləri tərəfindən aradan qaldılılır. “Vikipediya”da hansısa cümləni və ya sözü yazarkən, etibarlı istinadı göstərməlisən. Məqalələr etibarlı istinadlarla zənginləşdirilməlidir”.
Ekspert hesab edir ki, ümumilikdə, cəmiyyətin intellektual kəsimi bu sahədə fəal olmalı və mövcud olan məqalələrin redaktəsinə öz dəstəyini göstərməlidir:
“Bu gün “Vikipediya”nın Azərbaycan dili bölməsində 180 minə yaxın məqalə var. Onların redaktəsinin hamısını Azərbaycan “Vikipediya” icmasının üzərinə qoymaq düzgün deyil. Cəmiyyətin düşünən beyinləri könüllülük prinsipi ilə redaktə prosesində fəal iştirak etməlidir”, deyə araşdırmaçı əlavə edib.
Sözügedən internet resursunda əsası olmayan məlumatların könüllülər tərəfindən götürülməsi və ya silinməsinə gəlincə, Elnur Eltürk məlumatın yerləşdirmə sahibi tərəfindən yenidən bərpa ediləcəyini istisna etməyib.
Qeyd edək ki, Azərbaycanda rəsmi şəkildə Vikipediya ilə məşğul olan kimsə yoxdur.
Ekspertlərin fikrincə, Vikipediya ilə dövlət məşğul olmamalıdır. Könüllülər tərəfindən yaradıldığı üçün, nəzarət və düzəlişləri də onlar həyata keçirməlidirlər. ABŞ-ın layihəsi olan Vikipediyanın prinsipinə görə heç kim yazdığına cavabdeh daşımır.
Alçina Amilqızı, Bizim.Media