Qarabağ erməniləri ilə NÖVBƏTİ GÖRÜŞ – Niyə məhz Yevlax?

Qarabağ erməniləri ilə NÖVBƏTİ GÖRÜŞ – Niyə məhz Yevlax?

Hazırda oxunan: Qarabağ erməniləri ilə NÖVBƏTİ GÖRÜŞ – Niyə məhz Yevlax?

149125

Erməni diasporunun və onların xarici havadarlarının daha bir istəyi suya düşdü. Beləki, Qarabağın erməni icması və Azərbaycan nümayəndələri arasında növbəti görüşün keçirilməsi barədə razılığa gəlinib. 

Tərəflər Yevlax şəhərində görüşəcəklər.

Halbuki, bəzi xarici dövlətlər və onların əlaltısı olan erməni diasporu uzun müddət iki icma arasında təmasların olmasını istəmirdi. Bu məsələ də Qərbin mövqeyi Rusiyanın maraqları ilə üst-üstə düşürdü. 

Bunun da müəyyən səbəbləri var. Çünki, həm Qərb, həm də Rusiya bilir ki, Qarabağdakı ermənilər azərbaycanlılarla təmas qursalar, bu sonda xalq diplomatiyasının təntənəsi, qələbəsi ola bilər. Bu zaman yaxınlaşan iki xalqı bir-birindən “qorumağa” ehtiyac qalmayacaq. Və Rusiyalı sülməramlılar və Aİ-nin missiyaları bölgədən çıxıb getmək məcburiyyətində qalacaq. Bu isə nə Qərbə, nə də Rusiyaya lazım deyil. 

Hələ İranı və digər məkrli dövlətləri demirik. Ona görə də Qarabağın erməni və Azərbaycan icmasının bir araya gəlməsi Qərb və Rusiya üçün çox pis sürprizdir. Bu mənada baş tutacaq görüş öncəsi hansısa təxribatların olması istisna deyil.

Amma bütün hallarda iki icmanın təmas qurması Azərbaycan diplomatiyasının böyük qələbəsidir. Təbii ki, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatları və Laçın sərhəd-keçid məntəqəsində baş verən proseslərin ayrıca payı var. Ermənilər başa düşür ki, “gəmidə oturub gəmiçi ilə dalaşmaq” faydasızdır. Azərbaycanla qurulan təmaslar hər iki tərəf üçün, xüsusən də erməni icması üçün çox vacibdir.

Niyə məhz Yevlax?

Qarabağın erməni və Azərbaycan icmasının Yevlaxda keçirilməsi ideyası bir qədər maraqlı görünsə də məntiqəuyğundur. Çünki, Azərbaycan həm Rusiya sülhməramlılarına, həm də Ermənistana dəfələrlə humanitar yüklərin daşınması üçün alternativ dəhlizlər təklif edib. Sonuncu dəfə isə Ermənistana Ağdam-Əsgəran yolu təklif olunmuşdu. Bu dəhlizdə bir istiqamət Füzuli-Zəngilan-Qafan, digəri isə Yevlax-Gəncə-Qazax yoludur.

Zəngilan rayonu ərazisində yollarda tikinti işləri tam başa çatmayıb. Lakin, Ağdam-Gəncə-Qazax avtomobil yolu ən müasir tələblərə cavab verir. Bu yolla Ermənistandan çıxan humanitar yüklər cəmi bir-neçə saat içərisində Xankəndinə çatdırıla bilər.

Burada ikinci maraqlı məqam ondan ibarətdir ki, Xocalıda baş tutan ilk görüş daha çox rəsmi xarakter daşıyırdı. Eyni zamanda sülhməramlıların nümayəndələri də həmin müzakirələrdə iştirak edirdilər.
Lakin, Yevlaxa qədər gələn Qarabağ erməniləri Azərbaycanla kifayət qədər canlı ünsiyyət imkanı qazanacaq. Nəzərə alaq ki, erməni millətçiləri hər zaman Azərbaycana qarşı nifrət toxumu səpiblər. Və millətçilər sadə ermənilərə bir şeyi də aşılayıblar ki, azərbaycanlılar da ermənilərə qarşı patoloji nifrət bəsləyirlər. 

Bu stereotiplərin qırılması üçün Azərbaycanın daha içərilərində təmasların qurulması vacib və effektivdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO