Bakıda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı KEÇİRİLDİ - FOTO 

Bakıda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Bakıda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı KEÇİRİLDİ - FOTO 

148382

Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının rəhbərliyi və nümayəndələri Bakıda səfərdədir. 

Bizim.Media xəbər verir ki, iyulun 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Türkdilli dövlətlərin həmkarlar ittifaqlarının rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər.

Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb. 

Daha sonra Şəhidlər xiyabanına gələn nümayəndələr ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər. 
Bakının ən hündür zirvəsindən şəhərin mənzərəsini seyr edən qonaqlara paytaxtda aparılan quruculuq işləri barədə məlumat verilib. 

Qonaqlar həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub, türk şəhidlərinin xatirəsinə ehtiram göstərilib. 

Sonra “Fairmont Baku” otelində TÜRK-İŞ Konfederasiyası İdarə Heyətinin Ərgün Atalayın sədrliyi ilə səyyar iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub. Həmçinin TÜRK-İŞ-ə üzv təşkilatların rəhbərlərinin ötən dövr ərzində görülən işlərlə bağlı hesabatları dinlənilib, gələcək fəaliyyət planı müzakirə edilib. 

Ardınca həmin məkanda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı təşkil olunub. 

Öncə Vətənimiz uğrunda şəhid olmuş oğul və qızlarımızın, həmçinin bu il Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və perspektivlərdən danışıb. 

Bildirib ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə bu qədər yaxın olan ölkə yoxdur və bu əlaqələr tamamilə qardaşlıq prinsiplərinə söykənir.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığının ən parlaq səhifəsi 44 günlük Vətən müharibəsi dövründə yazıldı, cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə xalqının Azərbaycanı dəstəkləməsi, sözün həqiqi mənasında, təmənnasız qardaşlıq nümunəsi idi. 

AHİK sədri həmçinin Şuşa Bəyannaməsinin əhəmiyyətindən, genişlənməkdə olan ikitərəfli iqtisadi əlaqələrdən, işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan quruculuq işlərində Türkiyədən olan şirkətlərin fəal iştirakından, eləcə də münasibətlərimizi daha da möhkəmləndirməyə xidmət edən dövlət başçılarının qarşılıqlı səfərlərindən danışıb, qardaş ölkədə uğurla baş tutan seçkilərə toxunub.

Qeyd edib ki, Türkiyə keçirilən parlament və prezident seçkiləri bu ölkədə dərin kök salan demokratiyanı bir daha göstərdi və bəyan etdi ki, Türkiyə vətəndaşları yüksək siyasi mədəniyyətə sahibdir. 
Bundan başqa, AHİK sədri Türkiyədə baş verən dəhşətli zəlzələni xatırladıb və Azərbaycanın göstərdiyi dəstəyə diqqət çəkib. 

Səttar Möhbalıyev çıxışında hər iki ölkənin həmkarlar ittifaqları arasında münasibətlərin mövcud vəziyyətindən də danışıb. Vurğulayıb ki, dostluğumuzun davamlılığı və yaranmış qarşılıqlı inam iki ölkənin həmkarlar ittifaqlarının və işçilərinin xeyrinə olmaqla yanaşı, sıx əlaqələrin qurulmasına xidmət edir. O, təklif edib ki, əlaqələrimiz təkcə konfederasiyalarımız arasında yox, həm də sahə həmkarlar ittifaqları arasında, hətta yerli həmkarlar ittifaqı səviyyəsində də təmin olunsun və inkişaf etdirilsin. 

TÜRK-İŞ-in sədri Ərgün Atalay isə çıxışında öncə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə davam edən uğurlu əməkdaşlıqdan söz açıb, ölkələrimiz arasında həmrəyliyin əhəmiyyətindən bəhs edib. Bildirib ki, hər iki ölkənin niyyəti bölgədə sülh və sabitliyi təmin etmək, region ölkələri arasında əlaqələri, xüsusən iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. O həmçinin Zəngəzur dəhlizinin açılmasının bütün region dövlətləri üçün faydalı olacağına əminliyini ifadə edib. 

Ə.Atalay Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyini qeyd edib:

“Biz ilk olaraq yanımızda Azərbaycanı gördük, zəlzələ bölgəsinə xilasedicilər, tibbi heyət, yardım vasitələri, çadırlar, yataq dəstləri göndərdiniz. Bu missiyada Heydər Əliyev Fondunu xüsusi olaraq fərqləndi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da köməyini gördük. Evsiz-eşiksiz qalmış insanlar üçün modul tipli evlər göndərdiniz, 500 min manat maddi dəstək göstərdiniz. Bütün bunlar qardaşlıq hisslərindən irəli gələn məqamlardır”. 
TÜRK-İŞ-in sədri sahə və yerli həmkarlar ittifaqları səviyyəsində əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı AHİK sədri Səttar Möhbalıyevin irəli sürdüyü təklifi dəstəklədiyini bildirib və bu istiqamətdə əməli addımların atılmasının vacibliyini vurğulayıb. Tədbirdə digər çıxışlar da dinlənilib, fikir mübadiləsi aparılıb.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO