İran son zamanlar öz əməllərilə Xəzərin statusu ilə bağlı anlaşmaya zidd addımlar atmağa başlayıb.
Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat bildirib ki, İrandan Rusiyaya uçuşlar müntəzəm xarakter alıb, silahlar dəniz yolu ilə də çatdırılır.
Onun sözlərinə görə, Rusiyanın Maxaçqala və Həştərxan limanları İrandan gələn hərbi yükləri qəbul edirlər. İqnat qeyd edib ki, bu iki ölkəni Xəzər dənizi birləşdirir və İran istehsalı olan hərbi texnika və silahlar bu yolla çatdırılır. İran həmçinin Xəzər dənizindəki “Dəmavənd” esminesi yeni raketlər və silahlarla təchiz edib.
Bununla da İran 2018-ci ildə özünün də imza atdığı Xəzərin hüquqi statusunu müəyyənləşdirən konevsiyaya zidd siyasət yürütdüyünü ortaya qoyur.
Qeyd edək ki, Xəzərsahili ölkələrin liderləri 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq ediblər.
Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli” nəzərdə tutulub.
Bizim.Media-ya açıqlamasında tarixçi alim Zaur Əliyev bildirir ki, İranın Xəzərin statusu ilə bağlı anlaşmaya zidd addımları Zəngəzur dəhlizinin reallaşmasının qarşısını ala bilməməsindən qaynaqlanır:
MÖVZU İLƏ BAĞLI:
İranın regiondakı LİDERLİK AMBİSİYALARI
“Xəzərin statusu məsələsi artıq razılaşdırılıb. Xəzəryanı 5 dövlətin hər birinin ərazisi artıq müəyyənləşib. Bu müstəvidə son zamanlar İranın Xəzərin statusu ilə bağlı anlaşmanı pozmaq cəhdləri, dəniz vasitəsilə Rusiyaya silah daşıması heç də Ukrayna məsələsilə bağlı deyil. İran üçün burada problem Zəngəzur dəhlizinin reallaşmasıdır. Bu dəhliz 2 ildir ki, böyük güclərin ən perspektivli layihəsi sayılır.
Böyük İpək Yolu xəttində Azərbaycan ən strateji mövqeyi tutur. Xəzər dənizi də böyük nəqliyyat dəhlizindən önəmli yer tutur. Azərbaycan həm də artıq kimlərinsə diktəsilə hərəkət etmir, müstəqil fəaliyyət göstərir. Bu müstəvidə Zəngəzur dəhlizi də reallaşmaq üzrədir. İranı da narahat edən budur. İranın Xəzərdə Bəndərabbas limanı vardı. Amma artıq Azərbaycan daha ucuz, daha sərfəli və təhlükəsiz Ələt limanını işə salır. Bu da mövqeyinin itməsi Tehranı qıcıqlandırır”.
Həmsöhbətimiz qeyd edir ki, İranın bu sayaq cəhdləri uğursuzluğa düçar olacaq:
“Çünki ortada beynəlxalq hüquq var. Onu heç kim poza bilməz. İran da bilir ki, müqaviləni pozsa ona qarşı çıxacaq əsas dövlətlər Rusiya ilə Türkmənistan olacaq və cənub ölkəsi beynəlxalq təzyiqlərin altından çıxa bilməyəcək. Bu iki ölkə Tehranla əməkdaşlıqdan çəkinsə, İran tamamilə iqtisadi blokadaya düşəcək”.
Tarixçi onu da bildirir ki, İran Xəzərdə ümumiyyətlə hərbi donanma saxlaya bilməz:
“Onun keçmiş SSRİ dövlətilə bu barədə müqaviləsi də var. Amma hələ Qacar Nəsrəddin şahın dövründə İranın İngiltərə və Rusiya ilə bağladığı müqaviləyə görə, bu ölkə Xəzərdə hərbi donanma saxlaya bilməz. O Xəzər dənizindən ancaq ticarət və daşınma məqsədilə istifadə edə bilər. Bu mənada İranda hakimiyyətdə istər Qacar, istər şah rejimi, istərsə də molla rejimi olsun, bağlanılan hüquqi müqavilələrə əməl edilməlidir.
İran bilir ki, Azərbaycansız heç nədir. Çünki Azərbaycanın quru, dəniz və hava sərhədləri İranın əsas çıxış yoludur. Azərbaycan İran üçün nəfəs borusudur. Ona görə də Xəzər dənizi İran üçün vacibdir. Tehran burada hərbi gəmilər saxlamaqla dünyaya meydan oxumaq istəyir. Amma unudur ki, dünya artıq hüquq üzərində qurulub. Belədə beynəlxalq hüquq İranın Xəzər dənizinin hüquqi statusunu pozmasına ağır reaksiya verəcək”.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov hələ 2010-cu ildə SSRİ və İran arasında Xəzərin statusu ilə bağlı əldə edilmiş razılaşmaların qüvvədə olduğunu açıqlamışdı.
1934, 1938 və 1940-ci illərdə imzalanan müqavilələrdə İranın Xəzərdən iqtisadi daşınmalar və balıqçılıq məqsədilə istifadə edə biləcəyi öz əksini tapıb.
Rüfət Sultan, Bizim.Media