ATƏT sədrinin Azərbaycana səfərinin GİZLİ MƏQAMLARI  

ATƏT sədrinin Azərbaycana səfərinin GİZLİ MƏQAMLARI  

Hazırda oxunan: ATƏT sədrinin Azərbaycana səfərinin GİZLİ MƏQAMLARI  

14777

“Prezidenti İlham Əliyevin İsveç XİN rəhbəri Ann Lindeni qəbul etməsini xüsusi edən məqam Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində vasitəçilik missiyasını birbaşa ATƏT-in həyata keçirməsidir. Vətən müharibəsinə qədər vasitəçilik missiyasını ATƏT-in Minsk qrupu reallaşdırıb, amma heç bir nəticəsi olmayıb”.

Bu sözləri Bizim.Media ilə özəl müsahibə zamanı millət vəkili Elşad Mirbəşiroğlu səsləndirdi.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul etdi - FOTO


Deputat çıxışının davamında dedi ki, Misnk qrupunun fəaliyyətinin nəticəsiz olduğunu Azərbaycan tərəfi dəfələrlə bildirib:

“Əslinə qalsa, ATƏT vasitəçilik missiyasını həyata keçirərkən yaxşı nəticələr əldə etmək üçün kifayət qədər təsirli hüquqi bazaya malik idi. Yəni BMT TŞ (Təhlükəsizlik Şurası) tərəfindən qəbul olunan 4 qətnamə var idi ki, o sənədlərdə Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxması tələb olunurdu.

ATƏT də öz fəaliyyətini müvafiq sənədə istinad edərək həyata keçirməli idi. 
 

Çox təəssüf ki, biz bu fəaliyyəti görmədik. Azərbaycan bəyan etdiyi kimi davrandı. Çünki daha öncə Bakı dəfələrlə xəbərdarlıq edib ki, danışıqlar nəticə verməsə Azərbaycan öz torpaqlarını hərbi yolla işğaldan azad edəcək və belə də oldu. 


Avropa təsisatları hər şeydən öncə Azərbaycanın öz mövqeyinə (münaqişə zamanı sərgilədiyi mövqeyə) uyğun davranmağa qadir olduğunu gördü. Təbii ki bu, Azərbaycanın beynəlxalq müstəvidəki mövqelərini olduqca gücləndirdi. Azərbaycanın potensiallı dövlət olduğu barədə təsəvvürlər mövcud idi, ancaq görünür, ölkənin bu dərəcədə güclü olmasını isbatlamaq lazım idi.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz bunu sübut etdi. 

Belə olan halda Azərbaycan beynəlxalq münasibətlər sistemində artıq fərqli bir obrazda iştirak edir. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər nazirinin Azərbaycana səfər etməsi bunun təsdiqidir.
 

ATƏT sədrinin Azərbaycana səfəri həm də ona işarədir ki; birincisi Azərbaycan bundan sonrakı prosesləri özünün haqlı maraqlarına uyğun olaraq yönləndirəcək.


Əgər ATƏT artıq tarixə qovuşmuş münaqişədən sonrakı dönəmdə hansısa addımlar atmaq istəyirsə bu, yalnız Azərbaycanın ərazi bütövlüyünə hörmət müstəvisində, postmünaqişə bölgəsində təhlükəsizlik və sülhün təminatına töhfə xarakterli olmalıdır. 

Hesab edirəm ki, ATƏT bundan sonrakı əsas fəaliyyətini məhz Ermənistanla qurmalıdır. Ona görə İrəvanla qurmalıdır ki, bəzən Ermənistanda imzalanmış birgə bəyanatın (10 noyabr - Azərbaycan, Rusiya və Ermənistan) şərtlərinə əməl etməməyə meyillilik müşahidə olunmaqdadır.

Əslində ermənilərin sözügedən siyasəti blef xarakteri daşıyır. Çünki onların bu aldadıcı gediş cəhdləri müxtəlif siyasi məqamlara hesablanaraq daxili auditoriyaya yönəldilib. 

Bütünlükdə, ATƏT təşkilat olaraq birbaşa funksional missiyasına görə hərəkət etmək, sülhün və əməkdaşlığın təmin olunması istiqamətində çalışmaq istəyirsə Ermənistanla iş görməlidir. Münaqişənin tənzimlənməsi istiqamətində ATƏT-in fəaliyyətinə ehtiyac yoxdur.”

Prezident İlham Əliyev də Ann Linde ilə görüşdə bildirdi ki, “ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır. Beləliklə, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq”.

Ölkə başçısı ATƏT sədrinə bu xatırlatma ilə nəyə eyham vurdu? 
 

“ATƏT birbaşa özünün mövcudluq missiyasına uyğun addımlar atmalıdır. ATƏT nədir? Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır.


Və bu gün postkonflikt bölgəsində (Qarabağ) təhlükəsizlik və əmədaşlığın təmin olunması yönündə addımların atılmasına ehtiyac var. Azərbaycan bu istiqamətdə təşəbbüslərlə çıxış edir, vacib addımlar atır və nəzərə almaq lazımdır ki, istinad olunacaq 2 sənəd də (2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar) mövcuddur.

Bu bəyanatlar regionda sülhün, təhlükəsizliyin təminatı və əməkdaşlığın qurulmasına hesablanıb.

Xüsusən də 11 yanvar bəyanatının birbaşa hədəfi məhz əməkdaşlığın qurulmasıdır. ATƏT öz baxışlarını parçalamamlıdır. Yəni, münaqişə vəziyyəti haqqında danışmamalıdır. Yalnız əməkdaşlıqdan bəhs etməlidir. 

Bu istiqamətdə töhfə vermək istəyirsə, buyursun. Cənab Prezident də həmişə vurğulayıb ki, regionda əməkdaşlığın qurulmasında iştirak etmək istəyənlərə qapı açıqdır.

Buna görə də ATƏT regionla bağlı yanaşmasını yeniləməlidir”,- deyə millət vəkili Elşad Mirbəşiroğlu mövzunu şərh etdi.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO