“Rusiya gördü ki, əgər o, Laçın koridoru ilə bağlı öz mövqeyini bildirməsə, bu zaman o, həm iqtisadi, həm də təhlükəsizlik baxımından öz statusunu itirə bilər”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyalı politoloq: “Ermənistan Rusiyaya xəyanət edib Fransa və ABŞ-a tərəf gedir”
Rusiya və Azərbaycan arasındakı son gərginliyi şərh edən politoloq, Laçın sərhəd-keçid məntəqəsinin bağlanmasına dair Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasını iki ölkə arasında vəziyyətin gərginləşməsinə səbəb olduğunu qeyd edib:
“Avropa Birliyi, Amerika Birləşmiş Ştatları Laçın yolu ilə bağlı açıqlamalar verdilər. Bu səbəblərdən Laçınla bağlı susqunluğunu qoruyan Moskva da açıqlama vermək məcburiyyətində qaldı. Rusiya XİN bu məsələ ilə bağlı öz fikirlərini dəyişdi. Bu isə hardasa Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə öz mənfi təsirini göstərir. Hansı ki, onlar öz aralarında bir-birlərinə nota verdilər.
Rusiya səfiri Azərbaycan, Azərbaycan səfiri isə Rusiya Xarici İşlər Nazirliyinə dəvət edildi. Digər məsələ isə bundadır ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədi var. Avropa Şurası ilə Amerikanın isə bu haqda heç bir sənədi yoxdur. Buna görə də, Azərbaycan XİN-in bəyənatında bildirilirdi ki, belə çıxışlar prezidentlərin müqaviləsinə uyğun gəlmir. Yəni müttəfiqliyə əsasən düzgün çıxış deyil”, - deyə S.Markov bildirib.
Sergey Markov əlavə edib ki, regionda gərginlik davam edir və ermənilər bu dəfə hansısa iğtişaş yaradarlarsa, bu, böyük toqquşmaya səbəb olacaq:
“Düşünürəm ki, indilərdə Laçın dəhlizi ilə bağlı hansısa hərbi münaqişənin baş verə biləcəyi gözləniləndir. Ermənilər bundan istifadə edərək Avropa Şurasını, Amerikanı Azərbaycana qarşı tədbirlər həyata keçirməyə dəvət edəcək. Həmçinin burada hər hansısa qarşıdurma olarsa, deyə bilərik ki, Azərbaycan ordusu Ermənistan ordusundan dəfələrlə güclüdür. Yəni bu zaman konkret addımlar atıla bilər.
Bu baş verərsə, Azərbaycanın indiki Qarabağ üzərindəki suverenliyi tamamilə öz həllini tapacaq.
Ermənilər isə fikirləşə-fikirləşə qalıblar. Çünki onlar xırda bir iğtişaşa yol versələr, Azərbaycan tərəfindən güclü bir zərbəyə məruz qala bilərlər. Və yaxud da, onlar bu iğtişaşlarla böyük dövlətləri Azərbaycana qarşı təzyiqlərə məruz qoya bilərlər. Onlar hazırda oturub bu məsələlər üzərində hesablamalar aparır və fikirləşirlər”.
Tehran Orucoğlu, Bizim.Media