Müsavat Partiyası və REAL-ın Ədliyyə Nazirliyinə təqdim etdiyi partiya üzvləri siyahısının qaydalara uyğun gəlməməsi fonunda bu iki siyasi təşkilatın üzvləri bir-birini ittiham etmək yolunu tutublar.
Belə ki, Müsavat funksioneri Tofiq Yaqublu ilə REAL-ın icra katibi Natiq Cəfərli sosial şəbəkələrdə bir-birini ittiham edən fikirlər səsləndiriblər.
İlk olaraq T. Yaqublu status yazaraq bəzi partiyaların heç 500 üzvü olmadığını bildirib. Yaqublu “seçkiyə hazırlaşanlar” deməklə REAL-a işarə etdiyini açıq şəkildə bildirib.
Ona cavab olaraq, N. Cəfərli Yaqublu barədə yazaraq, onun siyasi savadının “plintusun altında” olduğunu bildirib:
“Formal olaraq Müsavat Partiyasında, faktiki olaraq AXCP-də, siyasi bilik və savad olaraq “plintus”un (döşəmə ilə divarın birləşdiyi yerə vurulan fiqurlu odun parçası) altında olan Tofiq Yaqublu dünən status yazıb, yalan danışmaqla yanaşı, hər gün tənqid etdiyi, yalançılıqda suçladığı hökumətə sözsüz inamını göstərib, Ədliyyə Nazirliyinin REAL-a bağlı məlumatlarına həqiqət mayakı kimi istinad edərək bizi ittiham edib.
"Adam deyir ki, heç 500 üzvləri də yox imiş, buna rişxənd edir, nazirliyi haqlı hesab edir. Yaxşı, bunun adı nədir – cığallıq, ya qərəz?!
Bu gün Müsavat Partiyasına, demək olar ki, REAL-a verilən cavaba bənzər məktub göndərilib. İndi Yaqublu “məntiqinə” görə Müsavat Pariyasının da 5-6 yüz üzvü var?!", - deyə Natiq Cəfərli qeyd edib.
Qeyd edək ki, adları çəkilən iki partiyadan başqa, AXCP-nin də üzv siyahısındakı şəxslərin əksəriyyətin saxta olduğu ortaya çıxıb.
Bizim.Media-ya açıqlamasında millət vəkili, YAP Təftiş Komissiyasının üzvü Elman Nəsirov həmin partiyaları saxtakarlığa yol verməkdə suçlayaraq, onları bu əməldən əl çəkməyə səsləyib:
“Siyasi partiyalar haqqında yeni qanunun tələblərindən biri odur ki, qeydiyyat üçün üzvlərin sayı minimum 5 min nəfər olmalıdır. Qanun qəbul edilib və icra edilməlidir.
Məlum oldu ki, bir sıra partiyalar, ReAL, AXCP, Müsavat partiyaları 5 mindən artıq üzv siyahısı təqdim etsələr də, onların əksəriyyəti saxta olub.
ReAL 5100 üzvlə bağlı sənədi təqdim etsə də, reallıqda məlum olub ki, onların bir hissəsi ölü canlar, dünyasını dəyişən insanlardır. Partiyanın əks arqumenti varsa, qoysun ortaya və onları diriltsin. Xeyli sayda “üzv” isə ReAL-ın üzvü olmadığını bildirib.
Nəticədə cəmi 463 nəfərin ReAL üzvü olduğu üzə çıxıb. Qarşılığında partiya rəhbərliyi bəyan edir ki, belə olan halda parlamentdə təmsil olunan deputatlarının mandatının ləğvi məsələsini gündəmə gətirəcəklər. Gətirin. Günah özünüzdədir. Niyə saxta sənədlər təqdim etmisiniz? Ədliyyə Nazirliyinin qaldırdığı məsələlərin hər hansı birini təkzib etmək potensialınız varsa, nümayiş etdirin.
AXCP sədri Əli Kərimlinin facebook səhifəsindəki statuslarını ən yaxşı halda 500-700 nəfər bəyənir. Partiyanın iddiasında olduğu kimi, 50 min üzvü varsa, 500-700 bəyənmə nə deməkdir?
Ədliyyə Nazirliyi bu və ya digər partiyanın qeydiyyatı ilə bağlı qanunun tələblərindən irəli gələrək, ortaya qoyduğu prinsipial mövqeyi kimləri qane etmirsə, günahı özlərində görsünlər. Saxtakarlıqdan əl çəksinlər. Onsuz da hər şey üzə çıxacaq. Gücü, potensialı, sosial bazası olmayan partiyalar özünü buraxsınlar və Ədliyyə Nazirliyilə bu və ya digər söz güləşinə çıxmasınlar”.
Ramiz Dəmirov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:40 / 21.07.2023
Elman Nəsirovdan REAL-a SƏRT İTTİHAM – “Saxtakarlıqdan əl çəksinlər”
Hazırda oxunan: Elman Nəsirovdan REAL-a SƏRT İTTİHAM – “Saxtakarlıqdan əl çəksinlər”
Hazırda oxunan: Elman Nəsirovdan REAL-a SƏRT İTTİHAM – “Saxtakarlıqdan əl çəksinlər”
147193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.