İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Sahibə Qafarova Fuat Oktayın Türkiyənin vitse-prezidenti, həmçinin Türkiyə ilə Azərbaycan arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirib.
O, qonağı TBMM-in Xarici əlaqələr komitəsinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bildirilib ki, Milli Məclisin 30-a yaxın deputatı müxtəlif beynəlxalq təşkilatların missiyaları çərçivəsində Türkiyədə keçirilən prezident və parlament seçkilərini müşahidə edib.
Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərinin əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli görüşlərin və danışıqların münasibətlərimizin inkişafındakı rolundan danışıb.
İki ölkənin parlamentlərarası əlaqələrinə toxunan S.Qafarova dostluq qruplarının qarşılıqlı sıx əməkdaşlığını qeyd edib, bu ilin aprelində iki ölkənin parlamentləri arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin münasibətlərimizin inkişafına töhfə verəcəyinə inamını bildirib.
S. Qafarova Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq-bərpa işləri, sülh prosesinin gedişi barədə də məlumat verib.
Azərbaycana səfərindən danışan TBMM-in xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. Qeyd edib ki, iki ölkə arasında Şuşa Bəyannaməsi çərçivəsində yaradılmış müttəfiqlik çərçivəsi bizə çox ciddi fürsətlər verir.
F.Oktay bu ilin fevralında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının qardaş dəstəyinə görə bir daha təşəkkürünü ifadə edib.
Söhbət zamanı TBMM-in komitə sədri parlament diplomatiyasının əhəmiyyəti, TÜRKPA çərçivəsində əməkdaşlığın perspektivləri, ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi, bölgədə həyata keçirilən nəhəng layihələr barədə fikirlərini bölüşüb.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:45 / 18.07.2023
"Şuşa Bəyannaməsi ilə yaradılmış müttəfiqlik bizə çox ciddi fürsətlər verir" - Fuat Oktay
Hazırda oxunan: "Şuşa Bəyannaməsi ilə yaradılmış müttəfiqlik bizə çox ciddi fürsətlər verir" - Fuat Oktay
Hazırda oxunan: "Şuşa Bəyannaməsi ilə yaradılmış müttəfiqlik bizə çox ciddi fürsətlər verir" - Fuat Oktay
146831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.