"Azərbaycan Ukrayna ilə dost ölkə olduğunu Rusiya-Ukrayna müharibəsi başlayandan bəri bir daha göstərməkdədir. Müharibənin ilk günlərindən ölkəmiz Ukraynaya humanitar yardımlar göndərir, düşdüyü çətin vəziyyətdən çıxmaq üçün bərpa-yenidənqurma işlərinə əl uzadır".
Bizim.Media xəbər verir ki, bu fikirlər jurnalist Emil Hüseynlinin İrpen şəhərindən REAL televiziyası üçün hazırladığı reportajda deyilir.
Onun sözlərinə görə, Ukraynada başlayan müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan hökuməti Ukraynaya humanitar yardımlar edir, ölkənin bərpasında yaxından iştirak edir, xüsusilə İrpen şəhərində abadlıq işlərində yaxından iştirakı Ukrayna dövləti tərəfindən yüksək qiymətləndirilir:
"Bu gün İrpen artıq qurulur, bərpa edilir, Zərifə Əliyeva adına 12 saylı orta məktəb də tam təmir edilib. Və bu gün də Azərbaycan dövləti İrpen şəhərinin bərpası ilə bağlı yeni layihələr hazırlayıb".
REAL TV-yə açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin də Azərbaycan dövlətinin İrpen şəhərinin bərpası ilə bağlı yeni layihələr hazırladığını təsdiq edib:
"Azərbaycanın Ukraynadakı yeni səfiri ilə də bu barədə danışıqlar aparmışıq. Bura tamamilə dağıdılan doqquzmərtəbəli yaşayış binasının tikintisi daxildir. Biz artıq onu sökmüşük və yeni binanın tikintisi üçün hazırlıq görülüb.
Daha sonra Mədəniyyət Evi və Yaradıcılıq Mərkəzi var, əgər Azərbaycan onun bərpasına razı olsa, bu layihə üzərində də işləmək olar. Bizim üçün bunlar çox vacib müəssisələrdir, orada 3000-ə yaxın uşaq təhsil alırdı.
Müzakirə olunan layihələr arasında Uşaq-gənclər idman məktəbi, Muzey və döyüş zamanı dağıdılan İncəsənət Mərkəzinin bərpası məsələsi də müzakirə olunan layihələr sırasındadır. Azərbaycan hökuməti hansı obyektin bərpa olunacağına özü qərar verəcək. Sonda bu ağır günlərdə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm".
Görünən odur ki, Azərbaycan Ukraynanın təkcə xoş günlərində deyil, həm də çətin vaxtında onun yanındadır. "Əsl dostluq dar gündə bilinər" məsəlinə uyğun Ukraynaya dost əlimiz daim açıqdır.
Ölkələrimiz arasında tarixi bağlılığı da nəzərə alsaq, Azərbaycan Ukrayna dostluğunun gələcəyinə də tam təminat vermək olar.
Bizim.Media