Fransa müqavimət hərəkatının lideri Şarl de Qollun məşhur bir deyimi var. “Siyasət siyasətçilərə həvalə edilməyəcək qədər önəmli məsələdir”. De Qollun bu sözlərlə Fransa tarixini və Fransa siyasətini ideal şəkildə təsvir etdiyini desək, yəqin ki, yanılmarıq.
Ən azından bu gün baş verənlər De Qollun fransız siyasətçilərinə münasibətdə necə də haqlı olduğunun göstəricisidir.
Bir neçə gündür ki, Fransada sözün həqiqi mənasında “inqilab” abu-havası müşahidə olunur. On minlərlə insan küçələrdə mövcud hakimiyyətin uğursuz siyasətinə qarşı radikal mövqe nümayiş etdirir, maşınları yandırır, binalara və ictimai obyektlərə zərər vurur.
Tam mənası ilə dövlət böhranının yaşandığı Fransada polis və digər dövlət strukturlarının fəaliyyəti gözə dəyimir. Bütün idarəetmə sisteminin çökdüyü və Makron hakimiyyətinin etirazçılar qarşısında çarəsiz qaldığı görünür.
Qarşılıqlı toqquşmalarla müşayiət olunan iğtişaşlar, hərc-mərclik və xaos mühiti 12 il əvvəlki “ərəb baharı” dalğasını xatırladır. Bir vaxtlar Fransanın dəstək və yardımları ilə ərəb ölkələrində bir-birinin ardınca baş tutan məşhur “inqilab” estafeti deyəsən Avropanın mərkəzində, elə Parisdə tamamlanır.
Oturduğu budağı kəsən Makron...
Böhranın bu həddə yüksəlməsi heç şübhəsiz Makron hakimiyyətinin ilk gündən etibarən mənimsədiyi siyasi kursun məntiqi nəticəsi hesab olunmalıdır. Fransada fərqli dinə və etnik kimliyə mənsub şəxslərin ayrıseçkiliyə məruz qalması, əhalinin sosial tələblərinin görməzdən gəlinməsi kimi məqamlar Makron dəsti-xəttinin əsas göstəriciləridir. 17 yaşlı ərəb əsilli Nael adlı gəncin polis tərəfindən öldürülməsi isə bu böhranlı vəziyyətin kulminasiya nöqtəsi oldu.
Bu günədək müxtəlif sahələrdə qeyri-fransızların hüquqlarını kobud şəkildə pozan Makron hakimiyyəti bu cinayətlə sərhədləri həqiqətən aşmış oldu. Bütün Fransanı ayağa qaldıran bu cinayət Makronun baş verənlərə saymazyana reaksiyası ilə daha da körükləndi.
Etirazçılar haqlı olaraq qeyri-fransızlara qarşı ayrıseçkiliyi tənqid edir, Nael adlı gəncin qətlinin ədalətli şəkildə araşdırılmadığını bildirir. Makron isə sadəcə ictimaiyyət qarşısında rol oynamaqla, nəticəsiz, pafoslu sözlər verməklə problemi həll edəcəyini düşünür.
Uzun illər dünyaya demokratiya dərsi keçməyə cəhd göstərən Fransanın bu gün təməl insan hüquqları, demokratik dəyərlər və ədaləti bərqərar etməkdəki uğursuzluğu təəssüf doğurur.
Baş verənlər Fransada təkcə qeyri-fransızların yox, eləcə də fransızların təhlükə altında olduğunu, şəxsi toxunulmazlıq və təhlükəsizlik kimi hüquqların təmin olunmadığını göstərir. Qeyri-fransız əhalini hədəf taxtasına çıxaran Makron, özü də fərqində olmadan fransız xalqını hədəfə çevirib.
Fransızların Qarabağ xiffəti...
Bu məqamda Makronun bir neçə gün öncə Fransadakı erməni diasporunun rəhbərlərindən biri Murad Papazyanla görüşünü və ona verdiyi hesabatı xatırlatmaqda fayda var.
Əminliklə Xankəndidəki ermənilərin hüquqlarını qoruyacağını bəyan edən, Papazyana ağızdolusu vədlər verən Makronun eyni həssaslığı nə üçün Fransa əhalisi üçün göstərmədiyi maraqlıdır. Görəsən Makron üçün uzaq Xankəndidəki erməni əhalinin hüquqları Paris küçələrindəki insanlardan dahamı üstündür?
Parisdə oturub Qafqaz xiffəti çəkən Müsyö Jordan kimi Makron da bu cür ucuz və bayağı addımlarla öz ölkəsindən xəbərsiz və biçarə obraz yaradır. Makron rejiminin bu günki uğursuzluğu və yarıtmaz siyasi xətti öz taleyi ilə yanaşı bütün Fransanın da taleyini şübhə altında qoyur.
Avropada hər gün daha da güclənən radikal-sağ, sosial problemlər və dərinləşən böhran fonunda Fransanın gələcəyini təhlükə altına atan reallığa çevrilir. Əhalinin 22%-nin milli azlıqlardan təşkil olunduğu Fransa üçün bu cür ultra ideoloji xəttlərin hökmran olması davamlı iğtişaşlardan, hətta potensial vətəndaş müharibəsindən başqa nəsə vəd etmir.
Elə Müsyö Jordanın da dediyi kimi, “Heyf səndən Parij, heyf səndən Tülyeri..”
Qeyri-səmimiliyin Avropa siması
Bu günlərdə bütün resursları Ukrayna müharibəsi üçün sərf edən Avropa ölkələrinin qəribə şəkildə, öz daxilindəki sosial problemləri yaddan çıxarması olduqca təzadlı görüntü yaradır. Milyardlarla vəsaitin müharibəyə sərf edildiyi bir vaxtda inflyasiya altında əzilən əhalinin sosial problemlərinin görməzdən gəlinməsi ən azından qeyri-səmimilik göstəricisidir.
Tarixən heç də yad olmadığımız bu qeyri səmimilik Fransa kimi fərqli regionlarda fərqli maraqlar arxasınca qaçan dövlətlərin siyasətləri nəticəsində daha da gülünc təsir bağışlayır.
Makron hakimiyyəti illərdir əkdiyi toxumların meyvələrini bu gün Parisin küçələrində dərir. Reallığın fərqində olmayan, özündə günah görməyən və hər vəhclə xalqa divan tutmaqda israrlı olan Makron isə susmağı üstün tutur.
Öz ölkəsindəki problemləri və xalqın tələblərini anlaya bilməyən Makrona layiqli cavabı küçələrdə elə xalqın özü verir: Fransız xalqının məşhur deyimində də deyildiyi ki, “hər şey üstünə gəlirsə, bəlkə də, sən tərs yöndə gedirsən”...
Anar Tahirov, Bizim.Media informasiya portalının Baş redaktoru