Azərbaycan TDT təhsil nazirlərinin 7-ci iclasında təmsil olunur - FOTO 

Azərbaycan TDT təhsil nazirlərinin 7-ci iclasında təmsil olunur - FOTO 

Hazırda oxunan: Azərbaycan TDT təhsil nazirlərinin 7-ci iclasında təmsil olunur - FOTO 

141503

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türk Dövlətləri Təşkilatı (TDT) təhsil nazirlərinin 7-ci iclasında iştirak məqsədilə Özbəkistanın Səmərqənd şəhərində səfərdədir. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.  

Bildirilib ki, Firudin Qurbanov səfər çərçivəsində Özbəkistanın məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova və Qırğızıstanın təhsil və elm nazirinin müavini Aida Rısbayeva ilə görüşüb.  
Görüşlər zamanı tərəflər arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Tərəflər şagird mübadiləsi, təhsilalanların festival və olimpiadalarda birgə iştirakı, TDT çərçivəsində müştərək layihələrin icrası sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd ediblər. Firudin Qurbanov işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə 960 şagirdlik məktəbin tikintisinə görə Xilola Umarovaya təşəkkürünü bildirib. 

Səfər çərçivəsində nazir müavini Səmərqənd şəhərində fəaliyyət göstərən Prezident məktəbi, 48 saylı məktəbəqədər təhsil müəssisəsi və Səmərqənd Dövlət Universitetini ziyarət edib, təhsil müəssisələrində yaradılan şəraitlə tanış olub. 

Firudin Qurbanov Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Özbəkistanın məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova, Türkiyənin milli təhsil nazirinin müavini Nazif Yılmaz, Qırğızıstanın təhsil və elm nazirinin müavini Aida Rısbayeva, Qazaxıstanın elm və təhsil nazirinin müavini Kuanış Yerqaliyevin iştirakı ilə yüksək səviyyəli iclasda da iştirak edib. 

Tədbirdə çıxış edən nazir müavini TDT çərçivəsində təhsil sahəsində görülən işlərlə bağlı məlumat verib.

Firudin Qurbanov “XV əsrə qədər ortaq türk tarixi” dərsliyinin təhsil müəssisəsində fakültətiv fənn kimi tədris olunduğunu bildirib. Bundan başqa, nazir müavini Azərbaycanın ali təhsil müəssisələrinin Türk Universitetlər Birliyinin fəaliyyətində aktiv iştirak etdiyini, Azərbaycan Dövlət İqtisad Universitetinin 2023-2024-cü illər üçün birliyə sədrlik edəcəyini vurğulayıb.

Türkdilli dövlətlərdən olan yeniyetmə və gənclərin müxtəlif olimpiada və yarışlarda iştirakının önəmini vurğulayan nazir müavini iyunun 1-də Şuşada türkdilli dövlətlərin uşaq rəqs qruplarının iştirakı ilə keçirilmiş “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalını və ölkəmizdə keçirilmiş “Tarix üzrə ortaq türk dünyası olimpiadası”nı nümunə çəkib. 
Daha sonra gündəlikdə duran məsələlərlə bağlı tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb. Nazir müavini müzakirə və təklif edilən məsələlərə münasibət bildirib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO