Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə təkbətək və geniştərkibli görüşlər baş tutdu.
Görüşlərdə bir çox məsələlərlə yanaşı, Xəzərdən keçən Orta Dəhliz və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı müzakirələr aparıldı. Türkiyə Prezidenti layihələrin tez bir zamanda reallaşdırılmasının əhəmiyyətindən bəhs etdi və bu məsələdə böyük fayda olduğunu söylədi.
Görüşdən sonra prezidentlərin səsləndirdikləri bəyanatlarda da, Azərbaycanın iştirakçısı olduğu nəqliyyat və enerji dəhlizlərinin əhəmiyyətindən bəhs olundu. Azərbaycan Prezidenti İlham Əliyev, hər dəfə görüşəndə nəqliyyat məsələlərinin də geniş müzakirə etdiklərini diqqətə çatdırdı.
İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəminin daha da artdığını söyləyən Dövlət başçısı əlavə etdi ki, Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq:
“Ona görə də biz Azərbaycanda nəqliyyat və logistika imkanlarımızı genişləndiririk. Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir”.
Zəngəzur dəhlizinin tezliklə açılması haqqında da fikir mübadiləsi apardıqlarını diqqətə çatdıran Prezident İlham Əliyev, bu məsələnin də müzakirə etdiklərini vurğulayıb:
“Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”.
Türkiyə prezidenti R.T.Ərdoğan da üzərində ən çox çalışdıqları və həssaslıq göstərdikləri Zəngəzur dəhlizi məsələsinin əhəmiyyətini qabardıb:
“İnşallah, sürətlə həll etməyimiz bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlar sayəsində buradan İğdıra, Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələrin yaradılması Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək.
Hazırda Azərbaycanın, xüsusilə müharibələrdən sonra infrastrukturla bağlı böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələ yollardır. Bundan əvvəlki səfərimdə də gördüm, bütün tunellər, viaduklar Azərbaycanın Qarabağ müharibələrindən - istər Birinci, istərsə İkinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini ən gözəl şəkildə ortaya qoyur”.
“Orta dəhlizin Azərbaycan üzərindən keçən hissəsi çox mühümdür”
Bizim.Media-ya açıqlamasında bu görüşün nəqliyyat dəhlizlərinin gələcəyi üçün böyük perspektivlər vəd etdiyini qeyd edən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezident seçildikdən sonra ikinci səfərini Azərbaycan etməsinin böyük əhəmiyyəti var:
MÖVZU İLƏ BAĞLI:
Naxçıvanın enerji təhlükəsizliyində MÜHÜM ADDIM – “Zəngəzur həm də qaz dəhlizi olacaq”
“Bu səfər, eləcə də verilən bəyanatlar və səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin nə dərəcədə strateji və dayanıqlı olduğunun göstəricidir. Nəqliyyat dəhlizləri hazırda bütün dünyada ən vacib məsələlərdən biridir.
Ona görə ki, Şərq-Qərb dəhlizinin böyük hissəsi əvvəllər Rusiya üzərindən keçir, oradan da Belorus və Polşaya qədər uzanırdı. Həm sanksiyalar, həm də Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bu yolda ciddi problemlər var. Qərb və Avropa şirkətləri Rusiya ərazisindən keçən yüklərin sığortanmasını dayandırıblar ki, bu da yükdaşıma qrafikini ciddi zədələyib. Bu baxımdan da Avropa və Çin üçün alternativ yolların əhəmiyyəti çox böyükdür.
Bu yollardan da ən mühümü, infrastruktur baxımından hazır vəziyyətdə olan Orta dəhlizin Azərbaycan üzərindən keçən hissəsidir. Əgər başqa dövlətlər bu barədə danışırlarsa, deməli, Azərbaycanın artıq logistik mərkəzə çevrilməsi imkanları və fürsətləri genişlənib.
Buna görə də Orta dəhliz layihəsi təkcə türk dünyasını və dövlətlərini birləşdirən bir layihə kimi deyil, həm də Çini Avropaya, Pekini Londona bağlayan yeni bir işlək xəttin olması anlamına gəlir. Həm Azərbaycanın beynəlxalq xaba çevrilməsi, həm də tranzit gəlirlərimizin artımı baxımından önəmlidir”.
Müsahibimiz bu baxımdan da Zəngəzurdan keçəcək yolun açılması ilə bağlı məsələlərin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb:
“Yol istifadəyə verildikdən sonra Azərbaycan üzərindən yükdaşımaların həcmi də artacaq. Hazırda Bakı Limanının illik yükdaşıma imkanları 25 milyon tondan da yüksəkdir və bundan sonra daha da artacaq. Bu da kifayət qədər böyük rəqəmdir. Çünki, Azərbaycanın ümumi dəmiryol nəqliyyatında ötən il 7 milyon ton yük daşınmışdı.
Azərbaycanın hazırda bunu 3-4 dəfə artırmaq imkanları var. Bu yolların infrastrukturlarının işə düşməsi ilə ən azından yeni marşrutlarla yük dövriyyəsini sürətlə artıra bilər ki, bu da həm ölkəmizin, həm Türkiyənin strateji maraqlarına uyğun gəlir”.
“Zəngəzur dəhlizi problemi Ermənistanla Rusiya arasındakı narazılıqdan qaynaqlanır”
Natiq Cəfərlinin sözlərinə görə, əsas söhbət Bakı Limanının potensialından deyil, eyni zamanda yük bərələrinin işə düşməsindən gedir:
“Yeni bərə keçidlərinin inşası artıq tamamlanmaq üzrədir. Bu da o deməkdir ki, ya Türkmənbaşından, ya da Qazaxıstanın Aktau limanından qatarlar və bərələrə yüklənəcək və Azərbaycana keçəcək, sonra isə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyənin dəmir yollarına biləşdiriləcək, ordan isə Fransanın şimalına və İngiltərənin qapısına qədər gedəcək.
Bu yollar vasitəsilə Avropaya çıxış əldə etmək Çin, və Orta Asiya respublikaları üçün kifayət qədər komfortlu və daha tez başa gələcək ki, bu da tranzit xərclərini azaldacaq. Burada vacib olan əsas məsələ yüklərin keçdiyi ölkələrin vahid tranzit tarifinə keçməsi ilə bağlıdır. Hazırda bu məsələ ilə əlaqədar danışıqlar davam edir. Ola bilər ki, yaxın günlərdə türk dövlətləri və Tacikistan bununla bağlı ümumi anlaşmaya imza atsınlar”.
Azərbaycan Prezidenti İlham Əliyevin, “Zəngəzur dəhlizinin açılması qaçılmazdır və nə qədər tez olsa, o qədər yaxşıdır” fikrinə münasibətini açıqlayan ekspert, bu yolun açılması ilə bağlı problemin Ermənistanla Rusiya arasındakı narazılıqdan qaynaqlandığını diqqətə çatdırıb:
“Çünki, Kreml yola nəzarəti əlindən buraxmaq istəmir və bəyan edir ki, 10 noyabr sazişinə görə, sərhəd qoşunları və xüsusi xidmət orqanları nəzarət etməlidir. İrəvan isə israrla yola nəzarətin özündə olmasını istəyir, israrla girişdə,çıxışda Ermənistanın gömrük və sərhəd qoşunlarının dayanmasını tələb edir. Azərbaycanla Ermənistan arasındakı isə bu məsələ ilə bağlı ciddi fikir ayrılığı yoxdur.
Bu məsələ tam həllini tapsa, Zəngəzur dəhlizinin yaxın zamanlarda açılması və kommunikasiyaların açılması protokolunun imzalanması mümkün olacaq. Çünki, bununla paralel, Türkiyə ilə Ermənistan arasında da dəmir və avtomobil yollarının, eləcə də sərhədlərin açılması gözlənilir. Bu da bölgənin infrastruktur xəritəsi baxımından əlavə dividendlər gətirəcək”.
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi - bəndinə uyğun olaraq hazırlanıb.
Rövşən Ziya, Bizim.Media