Qafanda tələm-tələsik konsulluq açan İran indi də Mehridə Ermənistan üçün yeni sərhəd-keçid məntəqəsi inşa etmək niyyətinə düşüb. Bu barədə məlumatı Ermənistanın Dövlət Gəlirləri Komitəsi yayıb. Onların məlumatına görə, Ermənistan-İran sərhədində yerləşən Mehri sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi prosesi 2026-cı ilə qədər davam edəcək.
Məlumata görə, artıq Mehridə gömrüyün restrukturizasiyası və modernləşdirilməsi üzrə işlərə başlanılıb. İddia edilir ki, məhz İranla sərhəddə beynəlxalq standartlara cavab verən müasir buraxılış məntəqəsinin tikilməsi istiqamətində xüsusi tədbirlər görüləcək:
"Mehridə sərhəd-keçid məntəqəsinin işini tam təmin etmək üçün 4000 kvadratmetrlik tikinti sahəsində ikimərtəbəli inzibati binanın ərsəyə gətirilməsi planlaşdırılır".
Tikinti işlərini İranın “Tana Energy Management Company” şirkəti həyata keçirəcək.
Görünən odur ki, İranın son zamanlar Ermənistanın sərhəd bölgəsində yerləşən ərazilərinə marağı xüsusi olaraq artıb. Tehran keçən ilin sonlarında Qafanda konsulluq açdı. İndi də Ermənistan üçün sərhəd-keçid məntəqəsi inşa edir. İranın bu marağının arxasında aydın məsələdir ki, Zəngəzur dəhlizinin açılması məsələsi dayanır.
Bildiyimiz kimi, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Tehran bu dəhlizə özü üçün “qırmızı xətt kimi baxır. İdda edir ki, guya həmin dəhlizin açılması ilə İranın Ermənistanla birbaşa əlaqələrinə maneə yaradılacaq. Əslində isə, İran sözügedən dəhlizin işə düşməsi fonunda türkdilli dövlətlər arasında əlaqələrin daha da məhkəmlənməsindən narahatdır.
Bu səbəbdən hər vəchlə çalışır ki, Zəngəzur dəhlizi reallaşmasın. Ona görə də dəridən-qabıqdan çıxaraq prosesə maneə olmaq üçün bütün vasitələrə əl atır. Gah hədə-qorxu gəlir, gah da Ermənistanı şirnikləndirəcək addımlara qol qoyur.
Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, İran özünün fitnəkar niyyətlərinə nail ola və bütün çabalarına rəğmən Zəngəzur dəhlizinin reallaşmasının qarşısını ala bilməyəcək:
“İran bir müddət suyu bulandıraraq, aranı qarışdırdı, Mehri dəhlizini özünün qırmızı xətti elan etdi. Daha sonra ermənilərlə birlikdə Azərbaycanın sözügedən istiqamətdə atacağı addımları önləmək üçün hətta hərbi təlimlərə də əl atdı. İran hər zaman qonşuları ilə zor gücü ilə danışmağa adət edib.
Molla rejimi İrəvan üçün Mehridə sərhəd-keçid məntəqəsi inşa etməklə sanki bölgə ilə bağlı Azərbaycanı qabaqlaya biləcəyini, Zəngəzur dəhlizinin reallaşmasının qarşısını ala biləcəyini zənn edir. Bu İranın fitnəkar niyyətidir. Amma İranın Ermənistan üçün sərhəd-keçid məntəqəsi tikib-tikməməsinin Zəngəzur dəhlizinin taleyi üçün heç bir təhlükəsi yoxdur. Əksinə, Tehranın bu hərəkəti daha çox uzaqlaşan qatarın arxasınca həsədlə baxan yolçunun hərəkətlərinə bənzəyir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:00 / 15.06.2023
İrandan növbəti TƏXRİBAT - Qafanda konsulluğun ardınca Mehridə keçid məntəqəsi TİKİLİR
Hazırda oxunan: İrandan növbəti TƏXRİBAT - Qafanda konsulluğun ardınca Mehridə keçid məntəqəsi TİKİLİR
Hazırda oxunan: İrandan növbəti TƏXRİBAT - Qafanda konsulluğun ardınca Mehridə keçid məntəqəsi TİKİLİR
141448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.