Azərbaycanda sabitliyi POZMAQ PLANI – NED \

Azərbaycanda sabitliyi POZMAQ PLANI – NED \"qrant ovçularını\" yenidən AKTİVLƏŞDİRİR

Hazırda oxunan: Azərbaycanda sabitliyi POZMAQ PLANI – NED \"qrant ovçularını\" yenidən AKTİVLƏŞDİRİR

141441

ABŞ Cənubi Qafqazda yenidən fəallaşır. Bu fəallıq təkcə Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişi və Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun artırılması istiqamətləri ilə məhdudlaşmır. 

Vaşinqton həm də Azərbaycan daxilinə nüfuz etmək, burada gedən prosesləri öz maraqlarına uyğun yönləndirmək istəyir. Bunun üçün ABŞ yenidən “səxavət kisəsi”nin ağzını açıb. Beləki, ABŞ-ın NED (National Endowment for Democracy) təşkilatı 2022-ci ildə gizli maliyyələşmə sxemi üzrə Azərbaycan təşkilatlarına  1.1 milyon ABŞ dolları vəsait ayırıb. 

Onu da qeyd edək ki, NED 2021-ci il Azərbaycan QHT-ləri üçün 970 min dollar qrant ayırmışdı.

Yəni, əvvəlki illə müqayisədə təşkilatın ayırdığı qrantın məbləği 130 min dollar artıb.

Məlum olduğu kimi Soros Fondu kimi NED də vətəndaş cəmiyyəti ilə işləmək adı ilə dünyanın müxtəlif ölkələrində “rəngli inqilablar” hazırlayır. Sözdə bu təşkilatlar özlərini müstəqil və demokratik institut kimi təqdim etsə də əslində onlar ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən idarə edilir.

Bu fondların məqsədi Ağ Evin birbaşa iştirakı olmadan rəsmi Vaşinqtonun dünyanın müxtəlif ölkələrində maraqlarını reallaşdırmaqdır. Bu məsələdə isə həmin fondlar obyekt olaraq götürdükləri ölkələrin anti-milli qüvvələri ilə əməkdaşlıq edirlər. Çünki, anti-milli qüvvələrin hədəfi milli dövlətçiliyin inkişafı yox, kommersiya maraqlarıdır.

Bəs, ABŞ-ın Azərbaycanın daxili işlərinə qarışmaq istəyi nə il ilə bağlıdır?

Təbii ki, bu Azərbaycanın qüdrətlənməsi və regionda güc faktoruna çevrilməsi Qərbin planlarına daxil deyil. Artıq Azərbaycanla güc dilində danışmaq mümkün deyil. Bütün bunlarsa ABŞ-ın regional maraqlarına qətiyyən cavab vermir. 

Ağ Ev Azərbaycanın daha üzüyola olmasını və okeanın o tayından gələn direktivlərə qeyd-şərtsiz əməl etməsini istəyir. Bunu görmədiyi təqdirdə isə məşhur “vətəndaş cəmiyyəti institutlarını” hərəkətə keçirir. Nə yazıq ki, həm ölkə daxilində, həm də ölkə xaricində Vaşinqtona qulluq göstərəcək vətəndaş cəmiyyətinin “nümayəndələri” var. 

Bu cür addımlarla ABŞ həm də Ukrayna-Rusiya müharibəsində Qərbin məğlubiyyətini unutdurmaq və dünyanın başını qatmaq üçün yeni “qaynar nöqtə”lər hazırlamağı hədəfləyir.

Təbii olaraq, ABŞ-da güclü təsirə malik erməni diasporunun da bu işdə rolu böyükdür. Həmçinin NED-in donorları arasında erməni iş adamlarının olduğunu da xüsusi qeyd etməliyik.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, ABŞ-ın NED təşkilatı demokratiyaya dəstək adı ilə müxtəlif ölkələrdə ictmai-siyasi sabitliyi pozmaqla məşğuldur:

“Bu təşkilatın bir çox ölkələrin daxili işlərinə necə qarışmasına çox şahidlik etmişik. Halbuki, bəlli müdaxilələrdən sonra həmin ölkələrdə vətəndaş müharibəsi artıq uzun illərdir ki, davam edir.

Yəni NED-in məqsədi cəmiyyətin demokratikləşməsi yox, ölkədə iqtisadi-siyasi sabitliyin olmamasıdır. 

Təsadüfi deyil ki, NED təşkilatının məxfi yollarla Azərbaycandakı bəzi QHT-ləri ələ alması barədə məlumatlar dolaşmaqdadır. Bu qurum Azərbaycan QHT-lərinə 1.1 milyon dollar həcmində yardım ayırıb. Yardımın təyinatı dinlər arası və etnik zəmində intiriqaları qızışdırmaq və onu hərbi-siyasi münaqişə səviyyəsinə qaldırmaqdır. 

Baxmayaraq ki, Azərbaycan tolerant ölkədir. Azərbaycanda bir çox dinlərin və dillərin daşıyıcıları uzun illərdir ki, dinc və əmin-əmanlıq şəraitində yaşayır. Amma bu bəzi xarici gücləri qane etmir. Ona görə də dillərin və dinlərin inkişafı adı ilə Azərbaycanın daxili işinə qarəşmaq istəyir. Bu isə qətiyyən yolverilməzdir”.

Komitə sədri xatırladıb ki, uzun müddətdir, İranın xüsusi xidmət orqanları ölkəmizdə dini radikalizmi təbliğ edir:

“Belə bir vaxtda NED-in də hərəkətə keçməsi heç də xoşagələn və təsadüfi bir hadisə deyil. Burda NED-in bəyan etdiyi digər istiqamət insan hüquq və azadlıqlarıdır. Hədəf odur ki, anti-milli QHT-lər tərəfindən saxta hesabatlar hazırlansın və dünyaya car çəkilsin ki, Azərbaycanda insan hüquq və azadlıqları pozulur. Beləcə, saxta hesabatlarla Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna zərbə vurmaq NED-in əsas niyyətlərindəndir. 

NED-in nümayəndələrinin Bakıda icazəsiz keçirilən aksiyalara necə aktiv şəkildə dəstək verdiyinin şəxsən şahidi olmuşam. Halbuki, NED kimi təşkilatların qanunsuz aksiyalarda aktiv iştirakı hec cür qəbul ediləcək hal deyil. Ən yaxşı halda təşkilatın nümayəndələri aksiyanı kənardan müşahidə edə bilər. Amma hər hansı açıq müdaxilə qanunsuzdur, yolverilməzdir”.

Çingiz Qənizadə onu da qeyd edib ki, istər NED, istərsə də Soros Fondu təmsil etdikləri ölkələrin maraqlarına uyğun iş aparırlar:

“Bu təşkilatlar qrantları vətəndaş cəmiyyətinin inkişafı üçün deyil, öz siyasi maraqları üçün verirlər. İndiki vaxtda NED-in də istək və arzusu Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır. Biz bunu son 30 ildə dəfələrlə görmüşük. Halbuki, 30 il davam edən erməni işğalı və işğalçının cəzasız qalması göstərdi ki, NED kimi beynlxalq təşkilatların məqsədi xalqların üzləşdiyi problemlərin həll etmək yox, öz siyasi maraqlarını reallaşdırmaqdır”.



Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO