Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra yeni kabinetin formalaşması da başa çatdı. Ərdoğan köhnə komandasında olan 17 nazirdən 15-i ilə vidalaşdı. Dəyişikliklər arasında xüsusilə diqqəti cəlb edən xarici işlər naziri postuna MİT rəhbəri Hakan Fidanın, müdafiə naziri vəzifəsinə isə sabiq Baş Qərargah rəisi Yaşar Gülərin gətirilməsidir.
Bu yeni təyinatlar Türkiyənin gələcək xarici siyasətində, xüsusən də, Azərbaycanla bağlı siyasətində nə kimi gözləntilərlə müşayiət oluna bilər?
Bizim.Media-ya açıqlama verən politoloq Natiq Miri Ərdoğanın növbəti dəfə Prezident seçilməsindən sonra Türkiyə hökumətində təmsil olunan əvvəlki nazirlərin xeyli hissəsinin dəyişməsinə rəğmən, qardaş ölkənin daxili və xüsusən də xarici siyasətində ciddi dəyişikliklərin olacağını düşünmür:
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan ölkənin yeni nazirlər kabinetini AÇIQLADI - SİYAHI/FOTO
“Son 5 ildə Mövcud Çavuşoğlunun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi perspektivli və çox əhəmiyyətli xarici siyasət yürüdüb. Hansı ki, onun nəticəsində Türkiyənin tək regionda deyil, qlobal səviyyədə nüfuzu qalxdı. Bu mənada baş verən indiki dəyişikliklər nazirlərin, xüsusən də, xarici işlər və müdafiə nazirlərinin yetərli olmadıqları üçün deyil.
Sadəcə olaraq, Ərdoğan yeni strateji xətti, həm də ictimai rəyi nəzərə alaraq bu dəyişikliklərə gedib. Çünki hər hansı bir kadr uzun zaman bir yerdə qalanda artıq həmin insanın kadr olaraq təşəbbüskarlığı da aşağı enir. Bu mənada Ərdoğanın əslində bütün hakimiyyəti dönəmində hər seçkidən sonra ciddi kadr dəyişikliklərinə getdiyini görmüşük”.
Ekspert qeyd edir ki, yeni kadr dəyişikliyi fonunda belə Türkiyənin xarici siyasətində, o cümlədən onun Azərbaycana münasibətində hər hansı bir yeni gözləntilər olmayacaq:
“Türkiyənin Azərbaycana münasibəti birmənalıdır. Bundan sonra da təkcə strateji hərbi müttəfiqlik deyil, həm də mənəvi qardaşlıq münasibətləri səviyyəsində bütün münasibətlərimiz ən yüksək zirvəyə yönələcək. İnkişaf məhz bu yöndə gedəcək”.
Ekspertə görə, Türkiyə XİN-in yeni rəhbərliyinin xarici siyasət prioriteti əsasən türk dünyası ilə iş birliyini gücləndirmək istiqamətində olacaq:
“İndi türk dünyanın formalaşması prosesi gedir ki, burada Türkiyə ilə yanaşı, Azərbaycan əsas lokomotiv ölkədir. Ona görə də Azərbaycanla Türkiyənin bütün məsələlərdə, eyni zamanda, türk dünyasının güclənməsi və birliyi yönündə də kordinasiyalı şəkildə işləyəcəklərinə əminəm. Qarabağ problemi öz həllini tapacaq, bütün türk dünyasını birləşdirəcək qovşaqlar birləşəcək, onlar arasnda yeni kommunikasiya sistemləri açılacaq”.
Rüfət Sultan, Bizim.Media