İsrail prezidenti İsxak Hersoq bu gün Azərbaycana səfərə gəlir. Nəzərə alaq ki, İsrail Prezidenti tarixdə ilk dəfədir ki, ölkəmizə səfər edir. Ona görə də bu səfər təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də maraqla izlənilir.
Səfər öncəsi İsxak Hersoq özünün "Twitter" səhifəsində maraqlı paylaşım edib. Paylaşımda deyilir:
"Azərbaycan önəmli ölkədir və əminəm ki, mənim səfərim əməkdaşlığın dərinləşməsi üçün qapılar açacaq. Biz ümumi yeni imkanları, eləcə də çağırışları bölüşürük",
Məsələ ilə bağlı Bizim.Media-ya danışan sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirdi ki, İsrail prezidentinin Azərbaycana səfəri çox vacib hadisədir:
MÖVZU İLƏ BAĞLI:
İsrail Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO/VİDEO
“Amma nəzərə alaq ki, İsrail Konstitusiyasına görə Baş nazir daha böyük səlahiyyətlərə malikdir. İsrailin baş naziri isə ölkəmizdə bir neçə dəfə səfərdə olub. Bununla belə Prezident Hersoqun səfəri onu göstərir ki, İsrail Azərbaycanla əlaqələrini daha da dərinləşdirmək əzmindədir.
Təsadüfi deyil ki, İsrail-Azərbaycan əlaqələri ilbəil genişlənir və güclənir.
Təbii ki, bu səfər əlaqələrin coğrafiyasının genişləndirilməsində yeni mərhələ olacaq. Əminəm ki, İsrailin təcrübəsi bizim üçün çox faydalı ola bilər. Məsələn, bu ölkənin yüksək texnologiyalar sahəsində, kənd təsərrüfatında çox böyük uğurları var.
Bundan başqa hamımız üçün həyati əhəmiyyət kəsb edən tibb sahəsində də bizim İsraildən öyrənməli olacağımız çox şey var. Bir sözlə iki dost ölkənin birgə fəaliyyət göstərə biləcək çoxlu sahələr var. Ona görə inanıram ki, bu səfər İsrail-Azərbaycan münasibətlərində daha uğurlu səhifələr açacaq.
İsrail Prezidentinin səfəri təbii ki, İran tərəfindən qıcıqla qarşılanır.
Amma biz molla-fars rejiminin sərsəmləmələrinə fikir verməməliyik. Çünki, Azərbaycan dəfələrlə bəyan edib ki, kimlərləsə münasibətlərin inkişaf etdirilməsi, kimlərəsə qarşı addım deyil.
Azərbaycanın müstəqil və prinsipial xarici siyasəti var. Və təbii ki, bu siyasət milli maraqlara söykənir. Ona görə də Azərbaycanın yürütdüyü siyasətin kiminsə xoşuna gəlib-gəlməməsi heç bir əhəmiyyət daşımır”.
Surxay Atakişiyev, Bizim.Media