“Ermənistanın son diversiya hərəkəti Kişinyov danışıqlarını pozmağa hesablanıb” - Üzeyir Cəfərov

“Ermənistanın son diversiya hərəkəti Kişinyov danışıqlarını pozmağa hesablanıb” - Üzeyir Cəfərov

Hazırda oxunan: “Ermənistanın son diversiya hərəkəti Kişinyov danışıqlarını pozmağa hesablanıb” - Üzeyir Cəfərov

138272

Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan ordusunun təxribat-diversiya qrupu Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd edib.

Lakin hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zərərsizləşdirilib və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Toplanmış sübutlar əsasında Harut Hovakimyan və Karen Qazaryan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Bizim.Media-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Ermənistanın son təxribat-diversiya hərəkəti Moskvanın sifarişilə Kişinyov danışıqlarını pozmağa hesablanıb:

“Ermənistan tərəfindən təşkil olunan bu diversiya təxribatı sırf İrəvanın havadarlarının sifarişidir. Moskvada yaşanan narazılıq fonunda bu cür təxribatlar gözlənilən idi. Bu kimi təxribatlarla Rusiya çalışır ki, danışıqlar prosesində özündən başqa kimsə əsas söz sahibi olmasın. Ona görə də belə təxribatları sifariş edirlər ki, tərəflər arasında yaxınlaşma baş verməsin¸və sülh sazişi imzalanmasın. Bu mənada edilən təxribat hərəkəti hər iki ölkə liderlərinin Kişinyov görüşünü pozmağa hesablanmış addımdır. 

Hərbi baxımdan bu kimi təxribatlar dünən olub, bu gün də var, sabah da olacaq. Yəni ermənilər istənilən an təxribat əməlləri həyata keçirə bilərlər. Ona görə də diqqətli olmalıyıq”. 

Həmsöhbətimiz düşünür ki, yaranmış vəziyyətdə Ermənistan məcburiyyət qarşısında qalaraq, Aqşin Bəbirovla Hüseyn Axundovu özünün iki diversantına dəyişməyə məcbur olacaq.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO