Rusiya müdafiə naziri Sergey Şoyqu KTMT Müdafiə Nazirləri Şurasının Minsk toplantısında Qərbi Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməkdə, Cənubi Qafqazda mövcudluğunu gücləndirməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışmaqda ittiham edib.
“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həllinin səviyyəsi ilə müəyyən edilir. Hazırda Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti təmin edir. Ancaq Qərb hər vasitə ilə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır.
Qərb üçün əsas məsələ uzunmüddətli perspektivdə Cənubi Qafqazın təhlükəsizliyini və rifahını təmin etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır.
O, buna Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasını nümunə göstərib.
“Buna misal olaraq Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyası deyilən, lakin hərbçilərin və xüsusi xidmət orqanlarının əməkdaşları da daxil olduğu missiyanı göstərmək olar.
Düşünürəm ki, onların həqiqətdə orada nə etdiklərini izah etməyə ehtiyac yoxdur. Bu baxımdan, KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik”, - Rusiya Müdafiə Nazirliyinin rəhbəri əlavə edib.
Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Şoyqunun sözügedən yanaşması reallığı əks etdirir, lakin ədalətsiz yanaşmadır:
“Ermənistan rəhbərliyi Qərbə Rusiyaya münasibətdə alternativ kimi baxır. Bu da ondan irəli gəlir ki, Paşinyan hakimiyyəti Qərbə yaxınlaşmağa doğru gedir. Ermənistanda Qərb missiyasnın yerləşməsi, həqiqətən də, Rusiyanı narahat edir. Bunu Şoyqudan əvvəl, Putin və Lavrov da dəfələrlə bəyan edib. Lakin bu ədalətsiz yanaşmadır.
Rusiyanın fəaliyyəti göstərir ki, bu ölkə regionumuzda real olaraq sülhün olmasında maraqlı deyil. Əksinə, Moskva bölgəmizdə gərginliyin qalmasında maraqlı tərəfdir. Separatçılara bu və ya digər dərəcədə dəstək olmaqla bölgəyə təsir imkanlarını artırmağa çalışırlar.
Bu mənada Şoyqunun açıqlaması reallığı əks etdirir. Həqiqətən də Qərb mülki missiya adı altında öz kəşfiyyatını Rusiya əleyhinə yönəldib. Digər tərəfdən, Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsi ölkəmizin maraqlarına cavab verir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 26.05.2023
Vasitəçilik mübarizəsində NÖVBƏTİ MƏRHƏLƏ – “Rusiya münaqişənin bitməsini istəmir, Qərb isə...”
Hazırda oxunan: Vasitəçilik mübarizəsində NÖVBƏTİ MƏRHƏLƏ – “Rusiya münaqişənin bitməsini istəmir, Qərb isə...”
Hazırda oxunan: Vasitəçilik mübarizəsində NÖVBƏTİ MƏRHƏLƏ – “Rusiya münaqişənin bitməsini istəmir, Qərb isə...”
137940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.