“Moskva görüşü Paşinyanı konstruktiv davranmağa məcbur edəcək” – İqor Korotçenko ilə MÜSAHİBƏ

“Moskva görüşü Paşinyanı konstruktiv davranmağa məcbur edəcək” – İqor Korotçenko ilə MÜSAHİBƏ

Hazırda oxunan: “Moskva görüşü Paşinyanı konstruktiv davranmağa məcbur edəcək” – İqor Korotçenko ilə MÜSAHİBƏ

137903

“Biz Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Moskvada görüşünü danışıqlar prosesində mühüm məqam hesab edirik və ümid edirik ki, Azərbaycan və Rusiyanın birgə səyləri ilə Ermənistan yenə də konstruktiv davranmaq, hərəkətə keçmək məcburiyyətində qalacaq”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Moskvada liderlərin üçtərəfli görüşü keçiriləcək


25 may Moskvada Rusiya Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan Baş naziri Nikol Paşinyanın keçiriləcək görüşünü şərh edən politoloq, delimitasiya və demarkasiya baxımından mühüm razılıqların əldə ediləcəyini gözlədiyini deyib. 

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Korotçenko, sabah Moskvada üç ölkənin lideri yenidən görüşür. Əslində Azərbaycan və Ermənistan rəhbərləri mayın 14-də Brüsseldə görüşdü. Bu dəfə isə Moskva. Hansı nəticələrin olacağını gözləmək olar?

- Düşünürəm ki, Moskva fəal iştirakı və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələləri ilə bağlı konkret tədbirlər görməlidir. Çünki bu gün, təəssüf ki, Ermənistan ərazisində Avropa İttifaqının peşəkar kəşfiyyatçılardan və diplomatik pərdə altındakı hərbçilərdən ibarət qondarma monitorinq missiyası fəaliyyət göstərir.

Belə olduğu təqdirdə, yəni onların ərazidə olması Ermənistanın bu sahədə heç bir müsbət davranışına qətiyyən töhfə vermir. Əksinə, İrəvanı Azərbaycana qarşı silahlı hücumlara sövq və təhrik edir.

- Yəni deyə bilərikmi ki, əsas müzakirə predmeti delimitasiya və demarkasiya olacaq?

- Ümid edirik ki, delimitasiya və demarkasiya məsələsi ilə bağlı nəinki müzakirələr aparılacaq, nəhayət, bu prosesin başlanmasına imkan verəcək konkret qərarlar qəbul ediləcək. Rusiya isə bu məsələdə lazımi təklif və yardımlarını göstərəcək. Müzakirə olunacaq ikinci mövzu regionda nəqliyyat kommunikasiyalarının açılmasıdır.

Lakin sözün açığı, ötən ilin sonunda Nikol Paşinyanın Ermənistanın tələblərə əməl etməkdən imtina etdiyini rəsmən bəyan etdiyini nəzərə alsaq, burada hansısa sıçrayışlı həll yollarını gözləmək çətindir. İrəvanın Zəngəzur nəqliyyat dəhlizinin açılmasını öhdəsinə götürdüyü ilə bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müvafiq bəndi var. Mövzu müzakirə ediləcək, lakin tutarlı qərarların alınması çətin görünür.

- ABŞ-ın, Avropa İttifaqının sülhlə bağlı təşəbbüskarlıqları Rusiyanın nəzərdə tutduğu sülhlə üst-üstə düşürmü?

- Deyə bilərəm ki, Rusiyanın təklifi ilə baş tutacaq bu görüş bir daha göstərir ki, o, Azərbaycan və Ermənistan arasında vəziyyətin nizamlanmasında vasitəçi kimi fəal rol oynamaq, sülh müqaviləsinin bağlanmasına kömək etmək niyyətindədir.

Lakin sözsüz ki, müvafiq danışıqların aparıldığı Brüssel platformasında, ABŞ-ın səyləri ilə yanaşı, Cənubi Qafqazdakı rolundan əl çəkmək niyyətində olmayan və hansısa formada tərəfləri sıxışdırmaqda fəal rol oynayan Moskvadır. Amma demək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi beş əsas prinsip əsasında sülh müqaviləsi, əlbəttə ki, mümkündür. Bu prinsiplər beynəlxalq hüquq normalarına və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə tam uyğundur. 

- Lakin biz Paşinyanın hələ də müxtəlif cəbhələrə oynadığını görürük.

- Bəli, Paşinyan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığı ilə bağlı bəyanat verir, digər tərəfdən dediklərini rədd edərək “Qarabağın statusu gələcəyin məsələsidir” deyir. Bakı ilə Qarabağda yaşayan erməni icması arasında bəzi razılaşmalar var.

Belə olan halda, bununla o, Qarabağda yaşayan ermənilərə xəyanət etməkdə günahlandırılmaması üçün səy göstərmiş olur. Lakin buna baxmayaraq, Paşinyanın bu cür bəyanatları Ermənistanın hələ də kifayət qədər qeyri-konstruktiv gündəliyə sadiq qaldığını göstərir. 
Əslində İrəvan 2020-ci ilin noyabrından sonra üç ölkə liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli forumlarda üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirmədi. Bütün baş verən müsbət dəyişikliklər Azərbaycanın fəal siyasəti, diplomatik təzyiqləri, üstəlik dəqiq təyin olunmuş addımları nəticəsində mümkün oldu ki, bu da prinsipcə İrəvanı mövcud reallıqları tanımağa və baş verən dəyişikliklərlə faktiki razılaşmağa məcbur etdi. 

- Cənab Korotçenko, vaxt ayırdığınız və suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.

- Mən təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO