Vardanyan yenidən SƏHNƏDƏ – Rusiya bu dəfə nəyi PLANLAŞDIRIR?

Vardanyan yenidən SƏHNƏDƏ – Rusiya bu dəfə nəyi PLANLAŞDIRIR?

Hazırda oxunan: Vardanyan yenidən SƏHNƏDƏ – Rusiya bu dəfə nəyi PLANLAŞDIRIR?

136825

Sülh danışıqları intensivləşdikcə Qarabağdakı separatçılar da aktivləşirlər. Sirr deyil ki, separatçılar öz iradələri ilə deyil, daha çox öz ağalarının göstərişləri ilə hərəkət edirlər. Təsadüfi deyil ki, ABŞ və Brüssel görüşləri keçirildiyi günlərdə təkcə separatçılar ortaya atılmadı, həm də “xalq” Xankəndində küçələrə çıxdı. 

Amma, ən maraqlı məqam Ruben Vardanyanın yenidən Qarabağda baş qaldırması oldu. Çoxdandır səsi batan erməni milyarder özünün yeni xilas konsepsiyasını ortaya atdı. Ətrafına yığdığı bir neçə separatçı ilə birgə Arayik Arutyunyana bu konsepsiyanın icrası üçün vaxt da verdi.

Vardanyanın Brüssel görüşü günlərində fəallaşmasında əslində təəccüblü heç nə yoxdur.

Çünki, Rusiya Cənubi Qafqazı özünün “arxa baxçası” sayır. Burada ikinci bir gücün ortaya çıxmasını istəmir. Və bu etiraz və mesajını da müxtəlif cür bildirir. Onlardan biri də vardanyankimilərin ortaya atılmasıdır.

Hadisələrin sonrakı inkişafı bir maraqlı faktı da ortaya çıxardı. Sən demə Vardanyan Xankəndindən qaçmaq istəyir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ruben Vardanyan etiraf etdi: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO


Lakin Laçındakı NBM-də saxlanacağı qorxusu ilə bir tərəfə çıxa bilmir. Məsələn, ötən gün milyarder “Eto Osetinskaya” “YouTube” kanalına müsahibəsində  Xankəndindən qaçmaq istədiyini dolayısı ilə dilə gətirib.

Aparıcı Qarabağı tərk etmək üçün ona xaricdən helikopter çağırmağı təklif edib. O isə bunun mümkün olmadığını bildirib:

“Helikopteri anındaca vuracaqlar. Çünki bura Azərbaycanın ərazisidir”.

Bununla da Vardanyan həm siyasi girova çevrildiyini, həm də Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Əziz Əlibəyli bildirib ki, Xankəndində çox qəribə mənzərə yaranıb:

“Bu mənzərəni isə təkcə Rusiyanın maraqları baxımından izah etmək doğru olmaz. Çünki, ermənilər arasında müəyyən quruplaşmalar var. Bu quruplaşmaların bir hissəsi Rusiyaya, bir hissəsi Qərbə, bir hissəsi isə Ermənistana bağlıdır. Azərbaycan və Ermənistan liderlərinin 14 may Brüssel görüşü ortaya çıxanda Samvel Babayan adlı terrorçu dərhal aktivləşdi. O bir neçə sərsəm bəyanat verməklə kifayətlənməyib, mitinq keçirməyə də cəhd etdi. Yada salaq ki, həmin ərəfədə Paşinyan Qarabağın Azərbaycan olduğunu söyləmişdi.

Təbii ki, qızışan proseslərdən Rusiya da kənarda qalmadı. Ruslar yenidən Vardanyanı ortaya atdılar. Və Vardanyan bu dəfə “Artsaxın xilası” konsepsiyası ilə çıxış etdi. Üstəlik, Arayikdən tələb etdi ki, ya bu konsepsiyanı icra edin, ya da imkan verin biz bunu həyata keçirək”.

Politoloq Babayanın da, Vardanyanın çabalarının Azərbaycana qarşı təzyiq imitasiyası olduğunu qeyd edib:

“Separatçıların qızışmasının digər səbəbi verilən son bəyanatlar və Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisinin Ermənistan tərəfindən tanınması faktıdır. Bütün hallarda Xankəndində baş verənlərdə Rusiyanın təsir imkanları daha çoxdur. Bu da həm sülh danışıqlarında Qərbi oyundankənar saxlamaq, həm də sülhməramlıların mandatının ən azı 2030-cu ilədək uzadılması istəyindən qaynaqlanır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO