Zoddakı mədənlərin qanunsuz istismarının dayandırılması Ermənistan üçün əsl fəlakət oldu. Çünki Ermənistan iqtisadi və sosial həyatında bu mədənin müstəsna yeri vardı.
Lakin, 44 günlük müharibənin və 10 noyabr Bəyannaməsinin nəticəsi olaraq Azərbaycan öz qərb sərhədlərinə sahib çıxdı. Nəticədə, ermənilərin Zoddakı qanunsuz fəaliyyətinə son qoyuldu.
Bu acı reallıqla ermənilər heç cür razılaşmaq istəmir. Ona görə də ermənilər çıxış yolu kimi hərbi təxribatlara əl atırlar.
MÖVZU İLƏ BAĞLI:
Ermənlərin “Söyüdlü”- Zod qızıl yataq İDDİASI – Sərhəddə nə baş verir? - VİDEO
Ermənilər bu təxribatlar hesabına Azərbaycan ordusunu bir qədər geri çəkilməyə məcbur etmək və qanunsuz istismarı davam etdirmək istəyirlər. Çünki, bu yataq Ermənistan iqtisadiyyatında müstəsna paya sahibdir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, Şuşa-Xankəndi avtomobil yolunda ekoaksiyanın davam etdiyi günlərdə Paşinyan bildirmişdi ki, bu tədbir hər gün ermənilərə 1.19 milyon dollar ziyan vurur:
“Məlumdur ki, hansısa humanitar və dinc aksiyanın iqtisadiyyata hər hansı bir ciddi zərəri ola bilməz. Ona görə də Paşinyanın bu etirafı əslində ekoaksiyaya qədər Qarabağdan Ermənistana daşınan qiymətli məhsulların dəyərinin gündəlik dəyərini göstərirdi. Bildiyimiz kimi, ermənilər son 30 ildə təkcə Qarabağda yox, həm də ətraf ərazilərdəki təbii və mineral ehtiyatlarımızı talan edib, Ermənistana daşıyıb.
Bundan əlavə Ermənistan Qarabağdakı ekoturizm mənbələrimizdən də kifayət qədər yararlanıb.
Ona görə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası Qarabağdakı ermənilərin, eləcə də Ermənistanın iqtisadiyyatına çox böyük zərbə vurub. Digər mədənlər kimi Kəlbəcər ərazisindəki qızıl yataqları da ermənilər tərəfinfən uzun illər istismar edilib. Bu gün bu istismarın qarşısı alınıb. Ona görə də ermənilər Zod istiqamətindən davamlı olaraq ərazilərimizi atəşə tuturlar”.
Surxay Atakişiyev, Bizim.Media