“Azərbaycanın Ermənistanla sərhədlərinin 0 nöqtəsində sərhəd-buraxılış məntəqəsi həm Azərbaycanın Konstitusiyasına, həm də beynəlxalq hüquqa əsaslanaraq yaradılıb. Buna görə heç bir ölkə Azərbaycana irad tuta bilməz. Atılan bu addım yalnız ölkəmizin təhlükəsizliyinə xidmət edir. Çünki son 3 ildə Ermənistandan Qarabağa gələn silahlı dəstələrə heç bir nəzarət yox idi”.
Bunu Bizim.Media-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
MÖVZU İLƏ BAĞLI:
Arutyunyan Bakıya gətiriləcəkmi? – Hüquqi TƏLƏB
O bildirib ki, bu məntəqədə Xankəndində gizlənən və başda Araik Arutyunyan olmaqla digər separatçılar da aşkarlanıb, həbs edilməsinə imkan yaradılacaq:
“Bildiyimiz kimi, Araik və digər separatçılar 44 günlük müharibədə və ondan sonra da xalqımıza və dövlətimizə qarşı bir çox cinayətlər törədiblər. Bu cinayətlərə görə onlar İnterpol vasitəsi ilə beynəlxalq axtarışa veriliblər. Əgər bu sərhəd-keçid məntəqəsindən keçmək istəsələr, onlar anındaca saxlanılacaqlar.
Ola bilsin ki, Rusiya sülhməramlıları Araik və digər separatçıları arvad paltarında bu məntəqədən keçirməyə çalışacaqlar. Amma bütün hallarda separatçılar aşkar edilən kimi həbs olunacaqlar. Ona görə də Araik kimilərin həbs ediləcəyi gün uzaq deyil”.
Çingiz Qənizadə onu da qeyd edib ki, Qarabağdakı mülki əhali üçün heç bir təhdid yoxdur:
“Onlar sərbəst şəkildə öz hərəkətlərini davam etdirəcəklər. Məsələn, ötən gün 10-dan artıq avtomobilin SBM-dən keçdiyinin şahidi olduq. Əli azərbaycanlıların qanına bulaşmamış ermənilərin bu məntəqədən keçidində heç bir problem olmayacaq. Çünki SBM ölkəmizə giriş-çıxışı məhdudlaşdırmaq üçün deyil, sadəcə bu sahəyə davamlı nəzarəti həyata keçirmək üçün yaradılıb. Bu da Beynəlxalq hüquqa tam uyğundur”.
Surxay Atakişiyev, Bizim.Media