Mətbuatın yazdığına görə, Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması nəticəsində geniş miqyaslı təxribatlar həyata keçirməkdən məhrum olan separatçı rejim mövcudluğunu saxlamaq üçün “müqavimət hərəkatı”na start verib.
Belə ki, separatçı rejimin təşkilatçılığı ilə bir qrup erməni Laçın yolunda postun qurulmasına qarşı qondarma “etnik təmizləməyə yox” iddiası üzərindən kampaniyaya başlayıb.
Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa cəlb etmək, Azərbaycanın öz suveren ərazilərində qurduğu sərhəd-keçid məntəqəsinin ləğvinə nail olmaqdır.
Separatçılar bəyan edib ki, ya beynəlxalq ictimaiyyət Laçın yolunda postun ləğv edilməsinə nail olmalıdır, ya da onlar başqa yollara əl atacaqlar. Başqa yol deyəndə, separatçı rejim böyük ehtimalla erməni əhalisini qırğına verməyi nəzərdə tutub. Bu fonda da Azərbaycanın sərhəd-keçid məntəqəsini qurmasından sonra Qarabağdakı separatçıların hərbi hazırlıq görüntüləri yayılmağa başlayıb. Görünən odur ki, terrorçular növbəti təxribata hazırlaşırlar.
Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirir ki, ermənilərin təxribat törədəcəkləri heç zaman istisna olunmayıb:
“Bu indi də istisna deyil. Ermənistanın həm Qarabağda mövcud olan silahlı birləşmələri, həm də sərhəddəki hissə və bölmələrinin təxribat törətməyəcəyini heç zaman istisna etməmişik. Bu indi də istisna olunmur”.
O bildirir ki, Azərbaycan daim düşmən təxribatlarına hazır olmalıdır:
“Qarabağda mövcud olan separatçıların hərbi hazırlıq keçdiyi ərazilərin Azərbaycan üçün legitim hədəf olması barədə rus kontingentinə məlumat verilməli və onların ləğvi üçün məhdud zaman müəyyənləşməlidir. Təyin olunmuş qısa zamanda bu fəaliyyətlərin qarşısı alınmasa, Azərbaycan həmin terror düşərgələrini və oradakı infrastrukturu öz imkan və potensialı hesabına tamamilə məhv etməlidir. Əks halda separatçıların bu sayaq əməlləri gələcəkdə Azərbaycanın inteqrasiya prosesinə və Qarabağda aparılan bərpa quruculuq işlərinə böyük maneələr yarada bilər”.
Rüfət Sultan, Bizim.Media