Bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.
Mərasimdə həmçinin, Azərbaycan energetika naziri Pərviz Şahbazov, Bolqarıstan energetika naziri Rosen Xristov, Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniya energetika naziri Vircil Daniyel Popesku, Slovakiya iqtisadiyyat naziri Karel Hirman və “Bulgartransgas” şirkətinin icraçı direktoru Vladimir Malinov iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Bolqarıstana səfər edib - FOTO/VİDEO
Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Xristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.
Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir.
Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Bizim.Media