Azərbaycan xalqı daha bir tarixi hadisəyə şahidlik edir. Nəhayət ki, 32 ildən sonra Azərbaycanla Ermənistan arasında sərhəd-keçid məntəqəsi fəaliyyətə başlayır. Bu bir tərəfdən ölkəmizin suveren hüquqlarının bərpasıdırsa, digər tərəfdən iqtisadi cəhətdən böyük addımdır.
Çünki, Azərbaycan müstəqillik dövründə Ermənistan istisna olunmaqla bütün qonşu dövlətlərlə normal əlaqələr qurub və quru yollarda ikitərəfli sərhəd-keçid məntəqələri yaradılıb. Bu həm beynəlxalq iqtisadi əlaqələrə hüquqi təminat yaradıb, həm də ölkəmizin büdcəsinə kifayət qədər gəlirlərin cəlb edilməsinə təkan verib.
Bu mənada Ermənistanla da sərhəd-keçid məntəqəsinin yaradılması əlamətdar hadisədir. Bu addım hesabına həm separatçıların hərəkəti məhdudlaşdırılacaq, həm də büdcəmizə əlavə vəsaitlər daxil olacaq.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev Laçın yolunda sərhəd-keçid məntəqəmizin qurulmasını böyük hadisə adlandırıb:
MÖVZU İLƏ BAĞLI:
Yeni məntəqə Laçın yolundakı vəziyyəti necə dəyişəcək?
“Laçında sərhəd-keçid məntəqəsindən sonra ermənilər üçün həm əsas yolla, həm alternativ yolla, həm də köməkçi və torpaq yolla silah-sursat daşınmasının qarşısı tamamilə alınıb. Bundan sonrakı müddətdə Ermənistandan Qarabağ ərazilərinə qeyri-humanitar yüklərin daşınması mümkün olmayacaq.
Azərbaycanın erməni təxribatlarına qarşı atdığı təsirli və adekvat addımlara, o cümlədən Qarabağa silah daşınmalarının qarşısının alınması məqsədilə yaradılan yeni sərhəd keçid məntəqəsinin quraşdırılmasına qarşı onurğasız Ermənistanın mənasız bəyanat səsləndirməkdən başqa ata biləcəyi addım yoxdur”.
Millət vəkili Vüqar Bayramov isə bildirib ki, Dövlət Sərhəd Xidmətinin Laçın yolunda nəzarət-keçid məntəqəsi qurması Azərbaycan tarixinin ən vacib hadisələrindəndir:
“Bu regionda dayanıqlı sülhün əldə edilməsi üçün vacib şərtlərdən idi. Nəzarət məntəqəsinin yaradılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə də uyğundur. Qarabağ Azərbaycanı ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir.
Bu baxımdan, Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr suverenlik prinsiplərinə uyğun olaraq əmtəə və insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşması vacib idi”.
Vüqar Bayramov Laçın rayonda nəzarət-keçid məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malik olduğunu da qeyd edib:
“Ermənistan Azərbaycanın gömrük rüsumundan yayınaraq 30 illik işğal dövründə qanunsuz yükdaşımalarla Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində ziyan vurub. Nəzarət-keçid məntəqəsi həmçinin Azərbaycan sərvətlərinin qeyri-leqal daşınmasının qarşısını alacaq və Qarabağ iqtisadi rayonunda təbii ehtiyatların talanmasına son qoyacaq. Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu həmçinin iqtisadi bütövləşmə mərhələsidir”.
Surxay Atakişiyev, Bizim.Media