Araz Aslanlı: “Laçında yaradılan məntəqə regionda sülh yolunda atılan zəruri addımdır”

Araz Aslanlı: “Laçında yaradılan məntəqə regionda sülh yolunda atılan zəruri addımdır”

Hazırda oxunan: Araz Aslanlı: “Laçında yaradılan məntəqə regionda sülh yolunda atılan zəruri addımdır”

132448

Xəbər verdiyimiz kimi, aprelin 23-də Azərbaycan tərəfi Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. 

Bildirilir ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Bizim.Media-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlının fikrincə, atılan bu addım regionda sülh və əməkdaşlıq yolunda atılan zəruri addımdır:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Laçın-Xankəndi yolunda təhlükəsizliyə zəmanət verir - XİN


“Azərbaycanın bu addımda məqsədi sərhəddən ərazimizə nəzarətsiz daxil olmağın qarşısını almaqdır. Dövlətin ərazisinə daxil olmaq və oradan xaricə çıxmaq nəzarət-yoxlama, qayda-qanunla həyata keçməlidir. Azərbaycan bu günə qədər digər ərazilərdə nəzarət-buraxılış məntəqə və gömrük postlarını formalaşdırsa da, işğal olunmuş ərazilərimizdə bunu edə bilməmişdi. Ona görə də indi yaradır. 

Regionun sülh, əməkdaşlıq bölgəsi olması üçün zəruri və məhz buna xidmət edən bir addımdır. Hamının hörmət bəsləməli olduğu addımdır. Tərəflər regionda sülh olmasını istəyirsə, Azərbaycanın bütün sərhədinə hörmətlə yanaşmalı, atılan bu addımlara ya imkan yaratmalı, ya da maneə olmamalı idilər. Təəssüf ki, üçtərəfli bəyanata imza atan digər iki tərəf tam uyğun davranmır”. 

Ekspertə görə, sərhəddə nəzarət-keçid məntəqəsinin yaradılması ermənilərin təxribat potensialının sayını azaldacaq:

“Düzdür, hələlik təxribatlar tam bitməyəcək. Bununla Bakı regionumuzu yenidən müharibə regionuna çevirmək istəyənlərin də qarşısında sədd çəkir. Addım regionun maraqlarına da tam uyğundur”.

Həmsöhbətimiz qeyd edir ki, sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılmasının davamı da gələcək:

“Yəqin ki, bu addımı növbəti addımlar da izləyəcək. O mənada ki, bütün ərazilərimiz üzərində Azərbaycan qanunları bərqərar olacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO