Ermənistan hələ də öz əməllərilə göstərir ki, regionda sülhdə maraqlı deyil. Belə ki, erməni təxribatları səngimək bilmir. Aprelin 22-si saat 17:00 radələrində Azərbaycanın Silahlı Qüvvələrinin Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərinə təminat vasitələrini daşıyan Azərbaycan Ordusuna məxsus hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.
Nəticədə avtomobilin sürücüsü və digər hərbçimiz yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb.
Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.
Bundan əvvəl də ermənilərin mina terrorunun şahidi olmuşuq. Azərbaycan tərəfi dəfələrlə rəsmi İrəvanı bu sayaq təxribatlara son qoymağa çağırsa da, görünən odur ki, nəticə yoxdur. Əskinə, müşahidələr göstərir ki, Ermənistan faktiki olaraq Azərbaycanla hibrid müharibəni daha da dərinləşdirmək niyyətindədir.
Yaranmış vəziyyət, erməni təxribatlarının davam etməsi “dəmir yumruğun” yenidən işə düşməsinə rəvac verə bilərmi?
Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, cari ildə sülhə nail olmaq üçün Ermənistana son şans verilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu
İl ərzində İrəvan bu yöndə konkret addımlar atmasa, “dəmir yumruq” yenidən işə düşəcək:
“Azərbaycanın sülhlə bağlı ortada konkret mövqeyi var. Bakı İrəvana və beynəlxalq ictimaiyyətə sülhlə bağlı dəfələrlə çağırış etsə də, erməni tərəfi nəinki sülhlə bağlı praktik addımlar atmır, eyni zamanda vəziyyəti daha da gərginləşdirməklə məşğuldur. Paşinyan Azərbaycanla sülhün mümkünlüyündən dəm vursa da, ard-arda baş verən proseslər göstərir ki, İrəvanın sülhlə bağlı çağırışları fiksiyadır və beynəlxalq ictimaiyyəti aldatmağa hesablanıb.
Ölkəmizə və Ordumuza qarşı təxribatlar davam edərsə, Bakının bu yöndə xəbərdarlıqları qulaqardına vurularsa, Azərbaycan növbəti dəfə hərbi əməliyyatlara başlaya bilər.
Tendensiyalar onu göstərir ki, Ermənistan sistematik şəkildə müharibəyə hazırlaşır. Ermənistanı qızışdıran xarici güclər bu prosesi davam etdirməkdə israrlı görünür. Bu il sülhə nail olmaq yolunda Ermənistan üçün sonuncu şansdır. İl ərzində bu yöndə konkret addımlar atmasa, Azərbaycan İrəvanı sülhə məcbur etmək üçün hərbi əməliyyatlara başlaya bilər”.
Rüfət Sultan, Bizim.Media